Hüseyn Seyidzadənin xatirə gecəsi və animasiya filmlərinin rejissorları ilə görüş keçiriləcək- Açıqlama

Hüseyn Seyidzadənin xatirə gecəsi və animasiya filmlərinin rejissorları ilə görüş keçiriləcək- Açıqlama
Noyabrın 3-də, saat 17.00-da Dövlət Film Fondunda Azərbaycanın görkəmli kinorejissoru, əməkdar incəsənət xadimi Hüseyn Seyidzadənin xatirə gecəsi keçiriləcək. Bu barədə SİA-ya fondun rəhbəri, əməkdar incəsənət xadimi Cəmil Quliyev açıqlamasında bildirib. Onun sözlərinə görə, xatirə gecəsi səbəbkarın anadan olmasının 100 illik yubileyi münasibəti ilə təşkil ediləcək.

C. Quliyev onu da bildirib ki, yubiley mərasimində Hüseyn Seyidzadənin həyat və yaradıcılığını əks etdirən foto sərginin təşkili də gözlənilir. Sərgidə eyni zamanda rejissorun bərpa olunmuş filmlərinin kino afişaları da nümayiş olunacaq.

Ailə üzvlərinin də dəvət olunduğu xatirə tədbirində H. Seyidzadənin unudulmaz filmlərindən fraqmentlər də göstəriləcək.

Film Fondunun rəhbəri həmçinin vurğulayıb ki, noyabr ayının ortalarında Dövlət Film Fondunun nəzdində fəaliyyət göstərən uşaq kino evində Azərbaycanın tanınmış animasiya filmlərinin rejissorları ilə görüş təşkil olunacaq: "Görüşdə son illər istehsal olunan bir neçə yeni animasiya filmi də nümayiş etdiriləcək. Tədbirdə rejissorlardan Firəngiz Qurbanova, Arif Məhərrəmov, Elçin Hami Axundov və Cavid Əhədov iştirak edəcək. Bakı-Avropa liseyinin şagirdləri və bir neçə uşaq evinin uşaqları görüşdə "Nuş olsun", "Anam ağaca qondu" animasiya filmlərinə də baxa biləcəklər".

Bütün xəbərlər Facebook səhifəmizdə