Turizm Şurası öz fəaliyyətini işçi qrupları vasitəsilə həyata keçirir
Turizm sənayesi özündə bir sıra sahələri əhatə edir və bu sahələrin inkişafı üçün əlaqədar strukturlar birgə fəaliyyəti əsasdır. Turizm Şurası da öz fəaliyyətini müvafiq dövlət qurumlarının nümayəndələrinin təmsil olunduğu işçi qrupları vasitəsilə həyata keçirir. SİA-nın məlumatına görə, işçi qrupların fəaliyyəti, onların həyata keçirdiyi işlər, qarşıya çıxan çətinliklər Şuranın geniş tərkibli iclaslarında müzakirə olunaraq öz həllini tapır. Ötən dövr ərzində çimərlik turizminin inkişafı, turizm statistikasının təkmilləşdirilməsi, turizm sahəsində peşə təhsili və təlimi proqramlarının əlaqələndirilməsi, liberal hava nəqliyyatı, sərhədkeçmə prosedurlarının sadələşdirilməsi və viza verilməsi prosesinin asanlaşdırılması, turizm sahəsində təhlükəsizlik, sağlamlıq turizmi (eləcə də Naftalan nefti üzrə tədqiqat qrupu), dini turizm və ekoturizm üzrə işçi qrupları yaradılıb. İşçi qrupların əsas məqsədi ölkədə turizmin ümumi inkişafında rol oynayan müxtəlif sahələr üzrə müşahidə edilən problemlərin müəyyən edilməsi, mövcud çətinliklərin aradan qaldırılması və gələcək inkişaf üçün uyğun təkliflərin hazırlanmasıdır.
Turizm Şurası üçün prioritet məsələlərdən biri də “Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”ndə qarşıya qoyulmuş hədəflərə çatmaqdan ibarətdir. Strateji Yol Xəritəsində ölkəmizdə turizmin inkişafını stimullaşdıran çox mühüm müddəalar yer alıb. Bu sənəddə əksini tapan məsələlərin icrası istiqamətində bir sıra uğurlu addımlar atılıb. Ölkəmizdə ilk dəfə olaraq ötən il yazda və payızda ticarət festivalı – Bakı Şopinq Festivalı keçirilib. Bu festivallar sərfəli ticarətlə yanaşı, ölkəmizin mədəni irsinin, incəsənətinin alış-veriş həvəskarlarına, yerli və xarici turistlərə tanıtımı üçün əlavə imkanlar yaratmış oldu.
Ötən müddət ərzində həmçinin Turizm Şurası tərəfindən aşağı büdcəli aviareyslərin açılması istiqamətində də işlər həyata keçirilib. Yay turizm mövsümündə bir sıra ölkələrin aviaşirkətləri tərəfindən Azərbaycana aşağı büdcəli uçuşlar təşkil olunub. Bu istiqamətdə atılan addımlar davam etdirilməkdədir. Ölkəmizdə sağlamlıq turizminin inkişaf etdirilməsi, Qalaaltı, Naftalan və Duzdağda müvafiq beynəlxalq sertifikatların əldə olunması istiqamətində Mədəniyyət və Turizm Nazirliyi ilə birgə işlər görülür. Beynəlxalq səviyyədə qəbul edilən həmin sertifikatların əldə olunması ölkəmizin sağlamlıq turizmi potensialının xaricdə daha geniş miqyasda tanınmasına və xarici turist axınına təkan verəcək.
Həmçinin Strateji Yol Xəritəsinə əsasən, Bakı şəhərinin dünyanın aparıcı turizm mərkəzlərindən birinə çevrilməsi məqsədilə Mədəniyyət və Turizm Nazirliyinin nəzdində Milli Turizm Təbliğat Bürosu yaradılıb. Büro paytaxtımızın beynəlxalq imicinin formalaşdırılması, şəhər brendinin istifadəsi üzrə uzunmüddətli fəaliyyət planının hazırlanması, brenddən istifadə üzrə nəzarət tədbirlərinin görülməsi və fərqli səviyyələrdə təkrar brendinq seçimi və marketinq işlərinin əlaqələndirilməsi, eləcə də turistlərin məmnunluğunun artırılması istiqamətində müvafiq işləri həyata keçirir.
Ümumiyyətlə, qısa müddət ərzində fəaliyyət göstərən Turizm Şurası tərəfindən turizm sahəsinin inkişafı üçün əhəmiyyətli layihələr reallaşdırılıb. Turistlərin məmnunluğunun artırılması üzrə təlimlərin təşkili, çimərlik turizminin inkişafı, turistlərin ölkə ərazisinə buraxılışının həyata keçirilməsi ilə bağlı müşahidələrin aparılması, sərhədkeçmə prosedurlarının sadələşdirilməsi, turizm şirkətləri ilə görüşlərin təşkili, ölkəyə səfər edən turistlərdən rəy öyrənilməsi məqsədilə mərkəzləşdirilmiş elektron rəy alma sisteminin yaradılması, turizm sahəsində statistikanın təkmilləşdirilməsi üzrə bir sıra islahatların aparılması, habelə turizm sahəsində təhlükəsizlik üzrə təkliflər paketinin hazırlanması bu qurumun əsas fəaliyyət istiqamətlərini təşkil edir.
Şura eyni zamanda turizm sahəsinin hərtərəfli inkişafı məqsədilə aidiyyəti qurumların uğurlu dialoqunun aparılması üçün vahid platforma rolunu oynayıb, bununla da sözügedən sahənin inkişafı istiqamətində bir sıra məsələlərin operativ, effektiv müzakirəsi və həlli təmin edilib.
Şübhəsiz ki, Turizm Şurasının 2018-ci ildə davam etdirəcəyi birgə əməkdaşlığa əsaslanan fəaliyyəti və Şura üzvlərinin bu istiqamətdə görüləcək işlərdə öz səylərini səfərbər etməsi ölkəmizdə turizm sənayesinin hərtərəfli inkişafına yeni-yeni töhfələr verəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə