Azərbaycan Milli Kitabxanasında dəyirmi masa keçirilib FOTOLAR

Azərbaycan Milli Kitabxanasında dəyirmi masa keçirilib FOTOLAR

Mirzə Fətəli Axundzadə adına Azərbaycan Milli Kitabxanasında “Elmi-tədqiqat ili” çərçivəsində “Tədris və akademik kommunikasiyanın təminatında elmi nəşrlər və kitabxanaların rolu: beynəlxalq standartlar və UNEC təcrübəsi” mövzusunda dəyirmi masa keçirib. SİA-nın məlumatına görə, tədbir Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) və Milli Kitabxananın birgə təşkilatçılığı ilə reallaşıb.

Tədbirdə kitabxananın direktoru, professor Kərim Tahirov çıxış edərək informasiya-texnologiyaların inkişafı ilə əlaqədar kitabxanaların cəmiyyətin həyatında oynadığı roldan danışıb. Bildirib ki, bu gün kitabxanaların əsas missiyası elmə, mədəniyyətə, sənətə xidmət etməkdir və müasir dövrdə kitabsız heç bir inkişafdan danışmaq olmaz. Kitabxanalar bu elmin, bu zəkanın məhsulunu toplayıb gələcək nəsillərə çatdıran bir ocaqdır, məbəddir.

“Açıq kitabxana” layihəsindən söhbət açan kitabxananın direktoru qeyd edib ki, bu layihə 24 saatı ərzində oxucuların və bütün vətəndaşların sərbəst şəkildə kitab mütaliə etməsinə şərait yaradır. Oxuculara təqdim edilən kitablar arasında Azərbaycanın tarixi, ictimai-siyasi həyatı, iqtisadiyyatı, mədəniyyət və incəsənəti, bədii ədəbiyyatına dair yerli və xarici müəlliflərin müxtəlif dillərdə kitabları, müxtəlif mövzularda jurnallar, uşaq ədəbiyyatı geniş yer tutur.

Azərbaycan Dövlət İqtisad Universitetinin Elm şöbəsinin müdiri, professor Zahid Məmmədov tədris və akademik kommunikasiyanın təminatında elmi nəşrlər və kitabxanaların əhəmiyyətindən danışıb, beynəlxalq standartlara uyğun olaraq elm, təhsil, tədqiqat formatlı universitetə keçidlə bağlı fikirlərini bölüşüb. Universitetdə 2018-ci ilin “Elmi-tədqiqat ili” elan olunduğunu qeyd edən professor ölkəmizdə milli iqtisadiyyat perspektivi üzrə “Strateji Yol Xəritəsi” ilə Azərbaycanda daha səmərəli ali təhsil sisteminin formalaşdırılması prosesinə başlandığını bildirib. Bu istiqamətdə paralel olaraq təhsil sistemindəki mövcud standartların dəyişdirilməsi, modernləşdirilməsi və beynəlxalq səviyyəyə uyğun şəkildə qurulması böyük əhəmiyyət kəsb edir.

Universitetin biznes və menecment fakültəsinin dekanı, dosent Mirağa Əhmədov isə çıxışında universitetdə gənclərin kitab mütaliəsinə marağının artırılması istiqamətində həyata keçirilən layihələrdən danışıb.

Sonra tədbir müzakirələrlə davam edib.

Bütün xəbərlər Facebook səhifəmizdə