Yusif Şeyxov: "Şair, filoloq Maqsud Şeyxzadə haqqında sənədli film çəkiləcək"

Yusif Şeyxov: "Şair, filoloq Maqsud Şeyxzadə haqqında sənədli film çəkiləcək"
Bu gün Mədəniyyət və Turizm Nazirliyinin iclas salonunda Azərbaycanda Özbəkistan Kinosu günlərinin yekununa həsr olunmuş mətbuat konfransı keçirilib. SİA-nın məlumatına görə, konfransda Mədəniyyət və Turizm Nazirliyinin Kinematoqrafiya şöbəsinin müdiri Cahangir Məmmədov, "Özbəkkino" Milli Agentliyinin Baş direktorunun müavini, Özbəkistanın əməkdar mədəniyyət xadimi Cahangir Kasımov, Özbəkistanın xalq artisti Ulmas Əlixodjayev, Özbəkistanın əməkdar incəsənət xadimi, kinorejissor Kamara Kamalova, rejissor və aktyor Mansur Abduxalikov iştirak edib.

Filmlərin təbliği və qeydə alınması sektorunun müdiri Yusif Şeyxov çıxışında bildirib ki, artıq bir neçə gündür ki, Azərbaycanda keçirilən Özbəkistan Kinosu günləri uğurla davam edir: "Bu günlər ərzində silsilə tədbirlər, film nümayişləri artıq başa çatıb. Hesab edirəm ki, təşkil olunan tədbirlər uğurlu olub və qonaqlarımızın ürəyincədir. Aprel ayında Özbəkistanda Azərbaycan Kinosu günləri baş tutub. Özbəkistan kino günlərinin Azərbaycanda keçirilməsi də buna cavab idi. Nümayəndə heyətinin səfər proqramı maraqlı görüşlərlə zəngin olub və onlarda xoş təəssürat yaradıb. Bundan sonra əlaqələrin daha da genişləndirilməsi uğrunda daha da maraqlı layihələr həyata keçiriləcək. Artıq konkret bir layihəmiz də var. Layihədə Özbək- Azərbaycan şairi, filoloqu Maqsud Şeyxzadə haqqında sənədli filmin çəkilməsi nəzərdə tutulur. Bugunkü konfransda iştirak edən gənc özbək rejissor və aktyoru Mansur Abduxalikov bizə yeni bir bədii film layihəsi də təqdim edib. Bu layihə də bu gün müzakirə olunacaq".

Daha sonra isə "Özbəkkino" Milli Agentliyinin Baş direktorunun müavini C. Kasımov çıxışında vurğulayıb ki, baxmayaraq Azərbaycanda ilk dəfədir oluram, ancaq özümü evimizdəki kimi doğma hiss edirəm. Ümidvaram ki, kino günlərinin keçirilməsi hər iki ölkənin mədəni əlaqələrinin inkişafına öz müsbət təsirini göstərəcək. Buranın insanları çox mehribandılar".

Sonda isə hər iki ölkənin mədəni əlaqələrinin daha da inkişaf etdirilməsi, gələcəkdə Özbəkistanda təşkil olunacaq festivallarda Azərbaycan kinematoqrafiyaçılarının iştraıkını təmin edən pratakol imzalanıb. Bundan başqa, qonaqlara Azərbaycan filmləri və ölkəmiz haqqında məlumat əldə etmək üçün kitablar hədiyyə olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə