Rəssam Adil Ələkbərovun fərdi sərgisi keçirilib - FOTO

Rəssam Adil Ələkbərovun fərdi sərgisi keçirilib - FOTO
Bu gün Azərbaycan Rəssamlar İttifaqının (ARİ) Vəcihə Səmədova sadına sərgi salonunda rəssam Adil Ələkbərovun fərdi sərgisi keçirilib. SİA-nın məlumatına görə, sərgidə ARİ-nin sədri, xalq rəssamı Fərhad Xəlilov, xalq rəssamı Ağaəli İbrahimov və başqaları iştirak edib.

İlk olaraq çıxış edən F. Xəlilov bildirib ki, Adil Ələkbərovun adı çoxlarına hələ tanış deyil: "Sağlığında onun əsərlərini görənlərin sayı isə lap azdır. Gözəgörünməz bir qüvvə ilə hərəkət edən sənətkar sanki müstəvinin üçüncü ölçüsünü üzə çıxarır, dəhşətli hisslər doğuran obrazları sanki maddiləşdirmək, onları ətə-qana doldurmaq istəyirdi".

Daha sonra çıxış edən A. İbrahimov vurğulayıb ki, rəssam Adil Ələkbərovun həyat və yaradıcılığı şikəst talelərin, gerçəkləşməyən ümidlərin uzun zəncirinin bir halqasıdır: "Onun fırçasının məhsulları- sanki dil açıb boyalardan və heykəltaraşlıq nümunələrini xatırladan formalardan ibarət böyük tabloları bu şəxsin fitri monumentalist, böyük faciəli həyat yaşayan bir sənətkar olmasına dəlalət edir. O öz ünsiyyət dairəsinə son dərəcə məhdudlaşdıraraq yalnız öz daxili aləmi ilə yaşayırdı. Rəssam öz həyatını və ətrafda baş verən hadisələri iztirab hissi ilə addım-addım təhlil edir, düşüncülərini kətan üzərinə köçürürdü".

Məlumat üçün bildirək ki, sərgidə rəssamın 40 sənət əsəri nümayiş olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə