Asif Usubəliyev: “Biz nazirlik olaraq şou-biznesə heç vaxt təsir göstərə bilmirik”- Açıqlama

Asif Usubəliyev: “Biz nazirlik olaraq şou-biznesə heç vaxt təsir göstərə bilmirik”- Açıqlama
"Hər bir jurnalist, mətbuat işçisi sahəsindən asılı olmayaraq respublikada aparılan mədəniyyət siyasətinin canlı iştirakçısıdır". Bunu SİA-ya açıqlamasında Mədəniyyət və Turizm Nazirliyinin Elm və təhsil şöbəsinin elmi metodiki sektorunun müdiri Asif Usubəliyev bildirib. Onun sözlərinə görə, çox zaman nazirlik tərəfindən təşkil edilən tədbirlərin təsir qüvvəsi daha çoxdur, nəinki mədəniyyət tədbirlərinin: "Ən böyük problemlərdən biri mədəniyyət sahəsində çalışan jurnalistin müsahibə götürdüyü müsahib kimi məşhurlaşmaq niyyətində olmasıdır. Həmin jurnalist hansısa tədbirə dəvət alanda düşünür ki, hansısa məşhur şəxsdən müsahibə alsın".

A. Usubəliyev onu da bildirib ki, mədəniyyəti heç vaxt şou-bizneslə qarışdırmaq olmaz: "Biz nazirlik olaraq şou-biznesə heç vaxt təsir göstərə bilmirik. Nazirlik də bütün bunları nəzərə alaraq tədbirlər təşkil edib şou-biznesə layiqli və onunla rəqabətə düşə biləcək alternativi təqdim etmək istəyirik. İndi zövqlərin formalaşmasında böyük müzakirə gedir. Bir çox verilişlərdə də bu haqda çoxlu danışılır. Respublikda mədəniyyət siyasətinin həyata keçirildiyi bir qurum olaraq bu zövqün formalaşması mübarizəsində jurnalistləri fəal iştirak etməyə dəvət edirik".

Açılan mədəniyyət kanalına şou-biznes nümayəndələrinin gəlməsinin qarşısını necə almaq sualına isə sektor müdiri belə cavab verib: "Mətbuatda nəyinsə qarşısını almaq ümumilikdə mürəkkəb məsələdir. Bu idarə olunmaz bir sahədir. Biz bu sahəyə o zaman sərmayə verə bilərik ki, klassik mədəniyyət nümunələrinin cəmiyyətə çatdırılması, mədəniyyət nümayəndələrinin daha da tanınması üçün bir vasitə olsun. Nə qədər ki, alimlərimizin bu mövzuya sözü təsirli olmayacaq, o zamanda biz nazirlik olaraq bu mübarizədə uduzacağıq. Bizə mütləq cəmiyyətin və KİV-in dəstəyi lazımdır".

Bütün xəbərlər Facebook səhifəmizdə