“Mədəniyyətin və mədəni dəyərlərin təbliğində kütləvi informasiya vasitələrinin rolu” adlı beynəlxalq təlim keçirilib

“Mədəniyyətin və mədəni dəyərlərin təbliğində kütləvi informasiya vasitələrinin rolu” adlı beynəlxalq təlim keçirilib
Mədəniyyət və Turizm Nazirliyinin mətbu orqanları ilə səmərəli əməkdaşlıq əlaqələrinin yaradılması üçün bu gün Muzey Mərkəzində "Mədəniyyətin və mədəni dəyərlərin təbliğində kütləvi informasiya vasitələrinin rolu" adlı beynəlxalq təlim həyata keçirib. SİA-nın məlumatına görə, təlimdə yerli mütəxəssislərlə yanaşı Rusiya və Rumıniyadan gələn ekspertlər iştirak edib.

Qonaq qismində Rusiyanın "Mədəniyyət" qəzetinin müxbiri İrina Kulik, Ümumrusiya Dövlət Teleradiokompaniyasının Mədəniyyət şöbəsinin müdiri Baltayeva Qulşat, Rumıniyanın "Mədəniyyət" milli radiosunun redaktoru Dorin Bitfoin və Azərbaycandan Jurnalistlər Birliyinin baş katibi, Bakı Dövlət Universitetinin professoru, əməkdar jurnalist Ramiz Ələsgərov mövzu ilə bağlı öz fikirlərini bildiriblər.

Təlimdə çıxış edən Mədəniyyət və Turizm Nazirliyinin Elm və təhsil şöbəsinin elmi metodiki sektorunun müdiri Asif Usubəliyev bildirib ki, jurnalistlər üçün belə bir təlim kursunun təşkili nazirlik tərəfindən təşkil olunan silsilə tədbirlərdən biridir. O vurğulayıb ki, hər bir jurnalist, mətbuat işçisi sahəsindən asılı olmayaraq respublikada aparılan mədəniyyət siyasətinin canlı iştirakçısıdır.

Məlumat üçün bildirək ki, təlimin məqsədi respublikada aparılan mədəniyyət siyasəti çərçivəsində həyata keçirilən tədbirlərin düzgün işıqlandırılmasını təmin etmək, habelə yerli jurnalistlərin hazırlıq səviyyəsinin artırılmasıdır.

Qeyd edək ki, sonda təlim iştirakçılarına Nazirlik tərəfindən sertifikatlar veriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə