Əbülfəs Qarayev Özbəkistan nümayəndə heyətini qəbul edib- FOTO

Əbülfəs Qarayev Özbəkistan nümayəndə heyətini qəbul edib- FOTO
Bu gün mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Özbəkistan nümayəndə heyətini qəbul edib. SİA-nın məlumatına görə, görüşdə "Özbəkkino" Milli Agentliyinin Baş direktorunun müavini, Özbəkistanın əməkdar mədəniyyət xadimi Cahangir Kasımovun rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edib. Nümayəndə heyətində Özbəkistanın xalq artisti, aktyor Ulmas Əlixodjayev, Özbəkistanın əməkdar incəsənət xadimi, kinorejissor Kamara Kamalova, rejissor və aktyor Mansur Abduxalikov təmsil olunublar.

Nazir Əbülfəs Qarayev bildirib ki, Azərbaycanda Özbəkistan kino günlərinin keçirilməsi iki ölkə arasında mədəni əlaqələrin daha da inkişaf etməsinə təkan verəcək: "Mədəniyyət və Turizm Nazirliyi Azərbaycanda Özbəkistan kinosu günlərinin qeyd olunması ilə bağlı xüsusi tədbirlər planı hazırlayıb. Belə ki, Özbəkistan kino günlərinin təntənəli açılış mərasimi bu gün saat 19.00-da Gənc Tamaşaçılar Teatrında keçiriləcək".

"Özbəkkino" Milli Agentliyinin Baş direktorunun müavini C. Kasımov çıxışında vurğulayıb ki, baxmayaraq Azərbaycanda ilk dəfədir oluram, ancaq özümü evimizdəki kimi doğma hiss edirəm. Ümidvaram ki, kino günlərinin keçirilməsi hər iki ölkənin mədəni əlaqələrinin inkişafına öz müsbət təsirini göstərəcək".

Görüşün sonunda nümayəndələr Ə.Qarayeva Özbəkistanın milli geyimini təqdim ediblər. Nazir Qarayev isə qonaqlara Azərbaycan xalçası hədiyyə edib. Son olaraq xatirə şəkli çəkdirilib.

Məlumat üçün bildirək ki, mədəniyyət tədbiri 2 gün davam edəcək. Oktyabrın 26-da Özbəkistan nümayəndə heyətinin Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində, "Azərbaycanfilm" kinostudiyasında görüşləri olacaq. Qonaqlar İçərişəhərə, Şirvanşahlar sarayına, Müasir İncəsənət Muzeyinə baş çəkəcək, dahi özbək şairi Əlişir Nəvainin Bakıdakı abidəsini ziyarət edəcəklər.

Azərbaycanda Özbəkistan kinosu günləri çərçivəsində nümayəndə heyətinin oktyabrın 27-də İsmayıllı şəhərinə səfəri planlaşdırılır. Səfərin sonuncu günü "Qala" tarix – etnoqrafiya qoruğu və Atəşgaha ekskursiya təşkil olunacaq, kino günləri ilə bağlı mətbuat konfransı keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə