Əbülfəs Qarayev: "Dəllallıqla məşğul olan turizm şirkətləri məsuliyyətə cəlb olunacaq"
Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan Konqreslər Bürosunun "Açıq qapı" tədbiri keçirililib. SİA-nın məlumatına görə, tədbirdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev hər kəsi narahat edən məsələlərə toxunub.
Nazir bildirib ki, turizm fəaliyyəti üzrə lisenziyaların verilməsinin aradan qaldırılmasından sonra bəzi dəllalar ortalığa çıxıb: “Biz birlikdə çalışmağa öyrəşməliyik. Əgər birgə çalışmasaq, nəticədə Azərbaycan turizminin imici aşağı düşür. Dəllallar guya xidmət göstərir, yalandan qiymətlər verir, nəqliyyat təşkil edirlər. Son nəticədə Azərbaycan turizminin imici aşağı düşür, biz itiririk. Birləşib, normal bir proqramın üzərində öz potensialımızı ortalığa qoya bilmir və bu məhsulu dünya miqyasına çıxara bilmirik. Bunu etsək, o dəllal və yalançılar acı nəticələrlə üzləşəcəklər".
Nazir qeyd edib ki, hazırda turizm haqqında yeni qanun üzərində iş aparılır: "Bu qanun Azərbaycan turizminin keyfiyyətinin və imicinin qorunması baxımından çox əhəmiyyətli olacaq. Güzəştə gedilməyəcək. Əgər kimsə beşulduzlu otel əvəzinə ikiulduzlu otelin xidmətlərini göstərirsə, deməli, ölçülər götürüləcək. Əgər turizm şirkətləri dəllallıqla məşğuldursa, insanları aldadırlarsa, o şirkətlər məsuliyyətə cəlb olunacaq. Mən bu qanunun qəbul olunmasını səbirsizliklə gözləyirəm".
Ə.Qarayev söyləyib ki, hazırda Mədəniyyət və Turizm Nazirliyi beynəlxalq tenderin nəticəsi olaraq, üç şirkətlə üç yeni turizm zonasının layihələndirilməsi üzərində işləyir: “Yeni turizm zonaları Xızı-Nabran, Quba və Qusarda yerləşir: "Turizm zonalarının layihələndirilməsi işləri bu ilin sonuna kimi davam edəcək. Bundan sonra isə onun icrasından danışmaq olar. Həmin turizm zonalarında təşviq olunacaq bütün imtiyazlar 3 və 4 ulduzlu hotellərin, ümumiyyətlə, turizm infrastrukturunun qurulmasına imkan yaratmalıdır".
Nazir əlavə edib ki, son zamanlar regionlarda 3 ulduzlu hotellərin tikintisinə daha çox üstünlük verilir.
Əbülfəs Qarayev yaşayışla bağlı bəzi məsələlərin həllindən sonra Yanardağla bağlı layihənin hazır olduğunu bildirib: "Hazırda bu məsələ ilə bağlı proses gedir, layihə mövcuddur. Bu layihələndirmənin əsasında işlər görüləcək. Amma orada yaşayışla bağlı bəzi məsələlərin həllindən sonra bu ərazidə işlər görüləcək. Dövlət bu işlə məşğuldur. Cənab Prezident İlham Əliyevin bununla bağlı iradı tamamilə haqlıdır. Bu, çoxdan aktual olan bir məsələdir. Biz Yanardağla bağlı məsələyə diqqət yetirməli idik. Təndiqdən nəticə çıxaracağıq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB