“2 fevral – Azərbaycan Gənclər Günü”nə həsr olunmuş tədbir keçirilib FOTOLAR

“2 fevral – Azərbaycan Gənclər Günü”nə həsr olunmuş tədbir keçirilib FOTOLAR

30 yanvar 2018-ci ildə AMEA Milli Azərbaycan Tarixi Muzeyində “2 fevral – Azərbaycan Gənclər Günü”nə həsr olunmuş tədbir keçirilib. SİA-nın məlumatına görə, Muzeyin Gənc Alim və Mütəxəssislər Şurası ilə YAP “Azərbaycan tarixçiləri” ilk ərazi təşkilatının səyi ilə keçirilən tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

İştirakçıları salamlayaraq tədbiri açıq elan edən AMEA Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı gənclərin tarixin bütün dövrlərində inkişafın hərəkətverici qüvvəsi olduğunu qeyd edib. Gənclərin gücündən səmərəli istifadə olunanda ölkənin tərəqqi etdiyini, insanların həyata baxışı təzələndiyini vurğulayan Nailə xanım, onların həm də dövlət idarəçiliyində, iqtisadiyyatda, mədəniyyətdə inkişafa rəvac verən mühüm işlər gördüyünü bildirib. Azərbaycanda gənclərə dövlət qayğısının gündən-günə artdığını söyləyən akademik Nailə xanım Vəlixanlı, onlara etimad göstərildiyini, məsul vəzifələrdə çalışmalarına şərait və imkan yaradıldığını, AMEA-da gənc alimlərə xüsusi diqqət göstərilməsi (yaşayış səviyyələrinin yaxşılaşdırılması, elmi fəaliyyətlərinin qiymətləndirilməsi) ilə bağlı mühüm tədbirlərin həyata keçirildiyini söyləyib.

Dövlətimizin həyata keçirdiyi gənclər siyasəti nəticəsində Azərbaycanın gənc alimlərinin elmi-ictimai həyatın bütün sferalarında aktiv fəaliyyət göstərdiyini qeyd edən AMEA Gənc Alim və Mütəxəssislər Şurasının sədri, fizika üzrə fəlsəfə doktoru Famin Salmanov yaradılan geniş imkanlar nəticəsində, gənc alimlərimizin cəmiyyətin gələcək perspektivləri uğrunda aparıcı qüvvə olduğunu bildirib. AMEA-nın dəstəyi ilə gənc alimlərin elmi-tədqiqat fəaliyyətindəki uğurlarından bəhs edən Famin Salmanov onlara daha yüksək nailiyyətlər arzulayıb.

Tədbirdə çıxış edən - Bakı səhəri Gənclər və İdman Baş İdarəsinin şöbə müdiri Gündüz Vəliyev, 55 saylı orta məktəbin tarix müəlliməsi Zümrüd Həsənquliyeva və digər natiqlər 2 fevral – Azərbaycan gənclər gününün önəmini qeyd edərək, gənc alimlərimizin təqdirəlayiq fəaliyyətindən danışıblar.

Tədbirin yekununda AMEA Milli Azərbaycan Tarixi Muzeyində elmi və səmərəli fəaliyyətinə görə fərqlənmiş, yaşı 35-ədək olan gənc alimlər (Emin Dadaşov, Sevinc Nəsirova, Aidə İsmayılova, Aslan Qədimov, Sara Əhmədova) fəxri fərmanlarla təltif olunublar.

Tədbir musiqi nömrələrindən ibarət bədii hissə ilə davam etmişdir. Muzey kollektivi adından təltif olunmuş əməkdaşlarımızı təbrik edir, gələcək fəaliyyətlərində uğurlar arzulayırıq.

Bütün xəbərlər Facebook səhifəmizdə