Müslüm Maqomayev adına I Beynəlxalq Müsabiqənin iştirakçıları müəyyənləşib

Müslüm Maqomayev adına I Beynəlxalq Müsabiqənin iştirakçıları müəyyənləşib
Moskvada "Krokus Siti Moll"da vokalçıların Müslüm Maqomayev adına I Beynəlxalq Müsabiqəsinin mətbuat konfransı keçirilib. SİA-nın məlumatına görə, bu böyük sənətçinin oktyabrın 25-də qeyd ediləcək xatirə gününə həsr edilən müsabiqə ilə əlaqədar mətbuat konfransı keçirilib.

Mətbuat konfransında Müslüm Maqomayevin Mədəni-Musiqi İrsi Fondunun prezidenti, müsabiqənin münsiflər heyətinin sədri, xalq artisti Tamara Sinyavskaya, Fondun təsisçisi, "Krokus" QSC-nin prezidenti Araz Ağalarov, musiqişünas və teleaparıcı, Rusiyanın xalq artisti Stanislav Belza iştirak edib. Müsabiqədə iştirak etmək üçün çoxlu müraciətlər daxil olub, onlardan cəmi 14 nəfəri seçilib.

Müsabiqədə Azərbaycanı istedadlı tenor Samir Cəfərov və Heydər Əliyev Fondunun və Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə hazırda İtaliyada təhsil alan Cavid Səmədov (bariton) təmsil edəcək. Püşkatmanın yekunlarına görə, Samir Cəfərov 13-cü, Cavid Səmədov isə 5-ci çıxış edəcək. Müsabiqədə Rusiya, Belarus, Moldova və Gürcüstan nümayəndələri də iştirak edirlər.

Müsabiqə iki turdan ibarət olacaq. Oktyabrın 23-də keçiriləcək I turda hər bir vokalçı iki dəfə çıxış edəcək. Müsabiqənin II turu oktyabrın 24-də keçiriləcək və bütünlüklə Müslüm Maqomayevin yaradıcılığına həsr ediləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə