Oktyabrın 22-də Heydər Əliyev Fondunun dəstəyi, Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycan Aşıqlar Birliyinin təşkilatçılığı ilə birinci Beynəlxalq aşıq festivalının təntənəli açılış mərasimi keçirilib.
SİA-nın məlumatına görə, Heydər Əliyev Sarayında təşkil edilmiş tədbiri giriş sözü ilə açan mədəniyyət və turizm naziri Əbülfəs Qarayev festivalın əhəmiyyətindən danışıb. Bildirilib ki, Azərbaycanda ilk dəfə təşkil edilmiş bu beynəlxalq festivala 8 ölkədən - Azərbaycan, Türkiyə, İran, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Gürcüstan və Dağıstandan sənətkarlar qatılıblar.
Nazir deyib ki, ulu ozan Dədə Qorqudun xeyir-duaları ilə əsrlərdən bəri yol gələn aşıq sənəti ustad el şairlərinin yetişməsinə, püxtələşməsinə təkan verib. Onların qoşma, gəraylı və bayatıları dillər əzbəridir. Aşıq Qurbaninin, Tufarqanlı Abbasın, Sarı Aşığın, Xəstə Qasımın, Molla Cümənin, Aşıq Ələsgərin, Hüseyn Bozalqanlının, Mikayıl Azaflının, Aşıq Alının, Aşıq Şəmşirin adına bağlı şeirlər, dastanlar bu gün gözəl sənət nümunələridir. Biz belə bir sərvətə soyuq yanaşa bilmərik. Bu sərvət zaman-zaman Azərbaycanın yazılı ədəbiyyatına, çağdaş bəstəkarlığa, xoreoqrafiyaya güclü təsir göstərmiş, bu gün də təsir göstərməkdədir.
Bu festivalın 2 ildən bir keçirilməsinin nəzərdə tutulduğunu söyləyən Ə.Qarayev deyib ki, növbəti illərdə festivalın coğrafiyası daha da genişlənəcəkdir. Sonra Azərbaycan aşıq sənətini özündə əks etdirən videomaterial nümayiş etdirilmiş və festivalda iştirak edən ölkələrin təmsilçiləri səhnəyə dəvət olunublar.
Tədbirdə çıxış edən Azərbaycan Aşıqlar Birliyinin sədri, Xalq Şairi Zəlimxan Yaqub bildirib ki, belə bir möhtəşəm tədbirin ölkəmizdə keçirilməsinə Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva yaxından kömək göstərib.
Z.Yaqub deyib ki, xalqımızın bu ölməz sənətinin haqlı olaraq dünya mədəniyyət inciləri sırasında özünə layiq yer tutması qarşımızda yeni üfüqlər açmaqla yanaşı, məsuliyyət hissimizi də artırıb. Azərbaycanın ev sahibliyi ilə keçirilən bu festival bütün türk dünyasını əhatə edir.
Gecədə iştirakçı ölkələrin sənətkarları geniş konsert proqramı ilə çıxış ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB