ATMU-da imtahan nəticələri qiymətləndirilir

ATMU-da imtahan nəticələri qiymətləndirilir

Azərbaycan Turizm və Menecment Universitetində 2017/2018-ci tədris ilinin qış imtahan sessiyasına 28 dekabr 2017-ci il tarixində start verilib. SİA-nın məlumatına görə, bu sessiya ərzində fakültələr üzrə 543 imtahanda 1700 tələbənin iştirakı nəzərdə tutulur.

Hər il olduğu ki, bu sessiya dövründə də tələbələrin biliyinin obyektiv qiymətləndirilməsinin təmin edilməsi prioritet seçilib. Semestr müddətində olduğu kimi qış imtahan sessiyası dövründə də kitabxana tələbələrin tam istifadəsindədir. Tələbələrə imtahan öncəsi dərs deyən müəllimlər tərəfindən məsləhət saatları müəyyən olunmuş və əvvəlcədən təyin olunmuş vaxtlarda tələbələrə suallarla bağlı ətraflı izahlar verilir.

Bundan başqa, imtahan nəticələrinin qiymətləndirilməsində tələbələrin narazılığına səbəb olan hallar yarandıqda universitetdə fəaliyyət göstərən appellyasiya komissiyasına ərizə ilə müraciət edən tələbələrin müvafiq fənn üzrə işlərinin təkrar yoxlanması təmin edilir.

Bu ilki yeniliklərdən biri də tədris ilinin əvvəlində ixtisas fənləri üzrə müvafiq sillabusların sənaye ilə əməkdaşlıq çərçivəsində tərtib edilməsi və tədris edilən mövzularda sənaye nümayəndələrinin təkliflərinin nəzərə alınmasıdır. Tədris proqramında sənayenin tələblərinin təmin olunması, eləcə də təhsilalanların biliklərinin qiymətləndirilməsinə sənaye nümayəndələrinin cəlbi istehsalat təcrübəsinə gedəcək və sonuncu kursda təhsil alan tələbələrə şamil edilir.

ATMU-nun yeni strategiyasına görə növbəti illərdə bu təhsil müəssisəsini seçən tələbələrin sənayenin ehtiyacına uyğun keyfiyyətli təhsil almalarına müvafiq şirkətlər, müəssisələr nəzarət edəcək.

Universitet rəhbərliyi tərəfindən bildirilir ki, mövcud fəaliyyət “Strateji yol xəritəsi”-nə uyğun olaraq həyata keçirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə