Tərlan Seyidovun anadan olmasının 75 illiyi qeyd edilib FOTOLAR
Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında (BMA) Əməkdar İncəsənət Xadimi, professor Tərlan Seyidovun anadan olmasının 75 illiyi qeyd edilib.
SİA-nın məlumatına görə, akademiyanın rektoru, Xalq Artisti Fərhad Bədəlbəyli Tərlan Seyidovun Azərbaycan musiqi sənətinə verdiyi töhfələrdən söhbət açıb. Onun geniş profilli peşəkar musiqiçi kimi həyata keçirdiyi layihələrdən və yetirmələrinin qazandığı uğurlardan danışıb.
“Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru Tərlan Seyidovun Azərbaycanda elmi-ifaçılıq təcrübəsinin genişlənməsi, peşəkar musiqiçilərin hərtərəfli inkişafı, formalaşması, mütəxəssislərin yetişməsi, gənc musiqiçilərin mükəmməl təcrübəyə yiyələnməsində böyük xidmətləri var. O, peşəkar musiqiçilərin hazırlığına, onların yeni keyfiyyət səviyyəsinə çatmasına imkan yaradır və bu yolda həm də böyük maarifləndirici rol oynayır”, - deyə rektor bildirib.
Uzun illər akademiyada göstərdiyi səmərəli fəaliyyətinə görə yubilyarı təbrik edən rektor ona rəhbərlik etdiyi ali təhsil ocağının diplomunu verib.
Tədbirdə Tərlan Seyidovun yaratdığı və rəhbərlik etdiyi BMA-nın məktəb-studiyası konsert proqramı ilə çıxış edib.
Sonda yubilyar tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB