“Muzeylərdə ekspozisiya işinin təkmilləşdirilməsi” mövzusunda seminar keçirilib

“Muzeylərdə ekspozisiya işinin təkmilləşdirilməsi” mövzusunda seminar keçirilib
Bu gün Muzey Mərkəzinin konfrans zalında Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzinin təşkilatçılığı ilə "Muzeylərdə ekspozisiya işinin təkmilləşdirilməsi" mövzusunda seminar keçirilib. SİA-nın məlumatına görə, tədbirdə Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin, Muzey sərvətləri və Xatirə Əşyalarının Elmi-Bərpa Mərkəzinin nümayəndələri, habelə bir sıra muzeylərin rəhbərləri və əməkdaşları iştirak ediblər.

Tədbirdə çıxış edən Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzinin rəhbəri Vilayət İsmayılov bildirib ki, hazırda bu mövzu çox aktualdır: "Muzeylər hər bir xalqın irsinin qorunmasında, dünyaya çatdırılmasında xüsusi rol oynayır. Bizim respublikamızda da mədəniyyətimizin bütün sahələrinə yüksək səviyyədə diqqət və qayğı göstərilir. Bununla yanaşı, eyni zamanda muzeylərimizədə diqqət yetirilir".

V. İsmayılov seminarın keçirilməsində əsas məqsədin muzeylərin ekspozisiya işində elmilik, tarixilik prinsipləri gözlənilərək ideya və məzmununa, ekspozisiya işinin təşkili xüsusiyyətlərinə dair yeni biliklərin əldə edilməsi olduğunu bildirib.

Mövzu ətrafında "Azərbaycan mədəniyyətinin inkişafında muzeylərin rolu", "Tarix-diyarşünaslıq muzeylərinin ekspozisiyasının təşkili xüsusiyyətləri", "Ekspozisiyanın məzmunu və fond işinin təşkili", "Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyat Muzeyinin ekspozisiyasında elmilik və tarixilik prinsipləri", "Rüstəm Mustafayev adına Azərbaycan Dövlət İncəsənət Muzeyinin yeni ekspozisiyası haqqında" və s. məruzələr dinlənilib.

Bütün xəbərlər Facebook səhifəmizdə