Amerikalı DJ-lərdən təkliflər alan həvəskar rejissor FOTO və VİDEOLAR

Amerikalı DJ-lərdən təkliflər alan həvəskar rejissor FOTO və VİDEOLAR

26107950_1734672769910734_134692803_o

Dekabrın 23-ndə Naxçıvan Dövlət Film Fondunda gənc və istedadlı həvəskar rejissor, “Nels Film”in həmtəsisçisi və rəhbəri Elvin Cəfər cari ildə gördükləri işlərin “hesabat”ını verdi. Araz Media, 2017-ci ildə iki klip ekranlaşdıran gənc incəsənət adamından maraqlı müsahibə alıb. Həmin müsahibəni təqdim edirik:

Elvin Cəfər özünü necə təqdim edir və ya onu necə təqdim etməyimizi istəyir?

Mən özümü elə Elvin Cəfər deyə təqdim edirəm. Ancaq məni hələ ki, həvəskar rejissor Elvin Cəfər deyə təqdim edilməyi daha uyğun sayaram. Çünki, işlərimi hələ ki, peşəkar səviyyədə görmürəm.

Peşəkar rejissor olmaq üçün Elvinə nə lazımdı?

Başlıcası təbii ki, təcrübə. Amma təcrübə ilə yanaşı, işimin daha mükəmməl olması üçün təchizat, yəni yüksək keyfiyyətli kamera, işıq və digər avadanlıqlar lazımdır. Amma mən gördüyüm işlərlə bunlar olmadan da nələrsə edilə biləcəyini sübut etdim. Yəni, insanın gördüyü işi sadəcə sevməsi önəmlidi.

Bəs bu istiqamətdə təhsil almaq və ya hansısa peşəkar mühitdə praktika toplamaq, təcrübəli rejissorlarla fikir və bilgi mübadiləsində olmaq kimi planları var Elvinin?

Təbii ki, film rejissorluğu ilə məşğul olan hər kəs üçün bunlar məncə vacib amillərdir. Sanballı film rejissoru olmaq üçün ölkə xaricində təhsil almaq planlarım var. Amma bunu bir şərt olaraq görmürəm.

Bir ildə iki klip. Bu gənc və həvəskar rejissor üçün necə göstəricidir? Qənaətbəxş saymaq olar?

Yaxşı bir statistik rəqəm olmasa da, bu sektora giriş etmək üçün normal göstəricidir. Biz bu il iki klip təqdim edə bildik. İlk klip fevral ayının 2-si, ikinci klip noyabrın 14-ü “You Tube” kanalımızda yayımlandı. Bu iki ekran işi ilə peşəkarlığa bir addım da yaxınlaşdıq. Və film sektoruna doğru azca da olsa yaxınlaşmış olduq.

Anlaşılan odur ki, gələcəkdə daha ciddi və irimiqyaslı, məsələn film kimi ekran işlərinin ərsəyə gəlməsi gözlənilir?

Əlbəttə. Bu hər filmmeyker üçün ən öndə gedən xəyallardandı. Amma, xəyal olaraq qalmaması üçün daha çox işləmək və təcrübə qazanmaq lazımdır.

Uğurlar sənə bu yolda! Film demişkən, “Nels film”dən danışaq. Lap əvvəldən. Hansı zərurətdən meydana gəldi, məqsəd və hədəfi nə və nələrdir?

Mən universitetdə(“Naxçıvan” Universiteti) oxuduğum illərdə “Simmetriya Movie” adı altında “You Tube”-da qeyri-professional olan işlərimi yayımlayırdım. Daha sonra “Nels Film” adı altında ölkə xaricində, ən çox Amerikada dinlənilən EDM(Electro Deep Music) tərz musiqilərə klip çəkib, həm rejissor kimi özümü inkişaf etdirmək, həm də bu sektora marağı olan gəncləri kəşf etmək istədim. Bu ilin yanvarında dostum Nail Seyidovla ilk klipin ssenarisini yazmağa başladıq. Bunu da qeyd edim ki, “Nels Film” təkcə mənim yox, dostum Nail Seyidovla birgə ərsəyə gətirdiyim kiçik yaradıcılıq birliyidir. Yeri gəlmişkən, hazırda Nail hərbi xidmətdədi. Hə, eyni zamanda EDM(Electro Deep Music) tərz musiqilərə klip çəkməyimizin bir məqsədi də, işimizin təkcə azərbaycanda deyil, digər ölkələrdə də maraq doğurması və izlənilməsi idi. Hələ ki, işlərimiz uğurla davam edir.

Yeri gəlmişkən ilk klipdə rol alan Nail şəxsi düşüncəmdi ki, heç də özünü həvəskar aktyor kimi “aparmayıb”. Hətta işinin öhdəsindən peşəkarcasına gəldiyini cəsarətlə söyləmək olar. Amma təəssüf ki, bu sözləri ikinci klipdəki baş rol ifaçıları haqqında deyə bilmirəm. Bəs bu mövzuda sənin düşüncən necədi? Rəyini öyrəndiyin mütəxəssislər necə düşünür?

Belə deyim, elə birinci klipdə olduğu kimi, ikinci klipdə də peşəkar aktyorlar iştirak etmirdilər. Yəni, aktyorluq baxımından əlbəttə, səhvlərimiz var idi. Ancaq mənim üçün bu tam olaraq belə deyil. Çünki, ikinci klipin tam olaraq bütün hekayəsini 6 dəqiqəyə sığdıra bilmirik. Yəni aktoyrun bəzi “süni hərəkətlər”i sizə bu cəhətdən axsaqlıq olduğunu düşündürə bilər. Amma, mən o “süni hərəkətlərə” “elə ssenariyə görə belə olamlıdı”, düşüncəsi ilə yanaşıram. Amma əyri-əksiklərimizin olduğunu danmıram. Hər cəhətdən var.

İlk klip Kükü kəndində, ikinci klip isə “Rüstəm meşəsi” kimi tanıdığımız ərazidə çəkilib. Yəni, hər ikisi Şahbuz rayonu ərazisində. Niyə məhz, Şahbuz?

Elə bir qeyri-adi səbəb yoxdu(gülür). Sadəcə belə planladıq və məkan seçimi ilə bağlı yanılmadığımı düşünürəm.

Aydındı.Bir də turizmlə bağlı çarx diqqətimi çəkdi. Deyim ki, hətta bəyəndim. Gözəl alınmışdı.

Təşəkkür edirəm. Çox sağ olun. O çarx “Simmetriya Movie” adı altında çəkdiklərimin ən sonuncusudur. Hətta, Naxçıvan Televiziyasının keçirdiyi “Turizm film müsabiqəsi”ndə birincilik qazandı.

Yerli gənc ifaçılar var ki, artıq onlar yeni mahnılar yazırlar və sadə montaj işi ilə “You Tube” videoportalında yayımlayırlar. Maraqlıdı, istər onlar, istərsə də sən tərəfdən hansısa təklif olub klip çəkilişi ilə bağlı?

Azərbaycandan heç bir təklif gəlməyib. Ancaq Amerika DJ-lərindən gəlib. Təbii ki, bir çox səbəblərdən dolayı bu təklifləri dəyərləndirə bilməmişik.

Son olaraq, istirahət və asudə vaxtlarını necə dəyərləndirirsən? Özünəxas maraq dairən və hobblərin varmı?

İstirahət vaxtlarımda ancaq kino izləyrəm. Ancaq normal tamaşaçı gözüylə deyil, rejissor gözü ilə. Hobbim isə rejissorluq, operatorluq, montaj, foto qrafika, video qrafika işləri ilə əlaqədar çox geniş məlumatlar toplamaq və maariflənməkdir.

Müəllif: Cabir Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə