3 saylı onbirillik musiqi məktəbində Şövkət Məmmədovanın yubileyi qeyd olundu FOTOLAR
Bu gün Cövdət Hacıyev adına 3 saylı onbirillik musiqi məktəbində görkəmli opera müğənnisi, musiqi xadimi Şövkət Məmmədovanın 120 illik yubileyinə həsr olunmuş tədbir keçirilib. SİA-nın verdiyi məlumata görə, tədbirdə Şövkət Məmmədovanın səs yazısı səsləndirilib, ekranda onun həyat və yaradıcılığına həsr olunmuş slayd təqdim olunub.
Aparıcılar tədbiri canlandıraraq qonaqları, tədbir iştirakçılarını görkəmli bəstəkar, Xalq artisti, professor Cövdət Hacıyevin adını daşıyan 3 nömrəli onbirillik musiqi məktəbinin müəllim və şagird kollektivi adından salamlayıb qeyd ediblər ki, dinlənilən bu möhtəşəm ifa professional vokal sənətinin görkəmli nümayəndələrindən olan ilk qadın opera müğənnisi, ictimai xadim, Xalq artisti Şövkət Məmmədovanın zəngin sənət dünyasının nadir incilərindəndir. Belə gözəl səs sahibinin 120 illik yubileyini qeyd etmək, istər indiki, istərsə də bizdən əvvəlki nəsillərdə haqlı qürur hissi doğurur. Çünki, sənətinin zirvəsini fəth edən insanlar daim xalqının, millətinin qəlbində yaşayır.
Azərbaycan Respublikası Prezidentinin “Şövkət Məmmədovanın 120 illik yubileyi haqqında” 11 iyul 2017-ci il tarixli sərəncamının icrasının təmin edilməsi məqsədi ilə keçirilən yubiley gecəsi də bu tədbirlərdən biri kimi yadda qalır.
Qeyd edək ki, Şövkət Məmmədova 1897-1981-ci illərdə yaşamış Azərbaycanın qadın müğənnisi – lirik koloratur soprano səsli, Azərbaycan ifaçılıq sənətinin tarixi simalarındandır. SSRİ Xalq artisti, professordur. Professional vokal sənətinin iftixarı, müəllim kimi sənətə dərin məhəbbəti özünə qarşı tələbkarlığı ilə fərqlənir. Azərbaycanlı qadının professional vokal sənəti ilə məşğul olması, təkcə Azərbaycan səhnəsində deyil, Avropa səhnəsində də çıxış etməsi, İtaliyada, Fransada təhsil alması tariximizdə nadir hadisə idi. Tiflis şəhərində dünyaya göz açmış Şövkət Məmmədova uşaqlıqdan musiqi və teatra maraq göstərmiş, sonra təhsilini davam etdirmək üçün Hacı Zeynalabdin Tağıyevin köməkliyi ilə İtaliyaya (1911) getmiş, Milanda məşhur müəllim Emma Dotti D.Ambrozionun sinfində oxumuşdu. Şövkət Məmmədova həyatını təhlükə qarşısında qoyaraq Azərbaycan səhnəsində geniş tamaşaçı qarşısında çıxış edən (1912) ilk müsəlman qadını olub. 1915-ci ildə Şövkət Məmmədova Kiyev Konservatoriyasına qəbul olur. 1918-ci ildə O,Kiyevdə Sumbatov-Yupsinin “Xəyanət” operasında Zibeydə rolunu ifa edib. 1922-ci ilin əvvəllərində Şövkət Məmmədov Bakıda Ü.Hacıbəylinin “Arşın malalan” operettasında Gülçöhrə rolunda, M.Maqomayevin “Şah İsmayıl” operasında Nərgiz, “Traviatta”da Violettanın (C.Verdi), P.İ.Çaykovskinin “Qar qız”ındakı ariyalarını uğurla ifa etmişdi. 1923-cü ildə Bakıda teatr texnikumu təşkil edilərkən Şövkət Məmmədovanı ora direktor təyin etmişlər. Bu məktəbdə Aktrisa İppopitov-İvanov kimi, Qliyer, Spendiyarov kimi, Nejdanova, Qolovinov kimi incəsənət xadimləri ilə işləyir. Şövkət Məmmədovanın Milli teatrda Rza Əfqanlı, İ.Osmanlı, Fatma Qədri kimi istedadların parlamasında xidməti olmuşdur. Onun rəngarəng repertuarına Milli xalq mahnıları, rus və xarici operalar daxil idi. Şövkət Məmmədov Sobinov, Piqarov, Malışev, Bülbül kimi istedadlarla birlikdə ölkəmizdə və xaricdə çıxış edir. 1923-1925-ci illər Bakı Teatr Texnikumunun direktoru, həmdə not nəşriyyatının müdiri vəzifəsində çalışmış, nəşriyyatda ilk dəfə 8 Azərbaycan xalq mahnısından ibarət toplu nəşr olunmuşdur. 1927-ci ildə Sovet Hakimiyyətinin köməyi ilə Şövkət Məmmədova yenidən Milan konservatoriyasına gedir. Orada təhsilini tamamlayaraq 1929-cu ildə mədəni səviyyəli, savadlı bir səhnə ustası kimi onun yaradıcılığında Avropa və rus opera ifaçılarının ən yaxın xüsusiyyətləri, incə zövq müğənni qabiliyyəti özünü aydın göstərir. O, oxuduğu partiyaları həm psixoloji cəhətdən, həm də ifaçılıq etibarı ilə əsaslandırmağı bacaran sənətkardır. 1938-ci ildə keçirilən dekadada “Koroğlu”, “Nərgiz”, “Şahsənəm” operalarında çıxış etmişdir. Bu gecəni təşkil edən Ü.Hacıbəyli, H.Ərəblinski, H.Sarabski olmuşlar. Güclü musiqi duyumuna və yüksək vokal mədəniyyətə, məlahətli səsə malik olan müğənni aktyorluq məharəti ilə fərqlənirdi. O, Azərbaycanın opera səhnəsində dünya vokal sənətinin ən yaxşı ənənələrini milli musiqimizin xüsusiyyətləri ilə əlaqələndirmişdir. Müxtəlif illərdə Ü.Hacıbəylinin “Arşın mal alan “ operettasında Gülçöhrə, M.Maqomayevin “Nərgiz”, “Şah İsmayıl” operalarında Nərgiz və Gülzar, S.Rossininin “Sevilya bərbəri” əsərində , R.Qliyerin “Şahsənəm” əsərində Şahsənəm, C.Verdinin “Riqoletto” operasında Cilda rollarını və digər səhnə əsərlərində əsas partiyaları müvəffəqiyyətlə ifa etmişdir. Indiki Bakı Musiqi Akademiyası nəzdindəki opera studiya Şövkət Məmmədovanın adını daşıyır.O, Azərbaycan Dövlət Konservatoriyasında pedaqoji fəaliyyət göstərərək istedadlı gənc vokalçılar yetişdirmişdir.Beləliklə Şövkət Məmmədova lirik koloratur soprano səsli, pedaqoq, musiqi xadimi, SSRİ xalq artisti(1938) Milanda və Kiyevdə musiqi təhsili almış müğənnidir. Onun repertuarında Rozina (“Seviliya bərbəri” - C.Rossini); Lakme (“Lakme”L.Delib); Cilda – (“Riqoletta”-C.Verdi); Şahsənəm - (“Şahsənəm” operası - R.Qliyer); Nərgiz, Gülzar – (“Nərgiz”, “Şah İsmayıl” operası - M.Maqomayev) Gülçöhrə (Arşın mal alan operettası - Ü.Hacıbəyli) partiyaları Azərbaycan opera sənəti tarixində yeni səhifələr açmışdır. Şövkət Məmmədova Azərbaycan Teatr Cəmiyyətinin ilk sədri (1945-1952), Azərbaycanın musiqili teatrının inkişafı yolları adlı kitabın müəllifidir. Həyatının sonuna qədər O, Azərbaycan Dövlət Konservatoriyasında vokal üzrə kafedra müdiri olmuş professor vəzifəsində çalışmışdır. Azərbaycanda istedadlı müğənnilərin yetişməsində Şövkət Məmmədovanın böyük rolu olmuşdur. Onlardan SSRİ xalq artistləri Müslüm Maqomayev, Firəngiz Əhmədovanın adlarını çəkə bilərik. Onun adı musiqi sənətimizin fəxridir.
Məktəbin direktoru Məhin xanım Orucova tədbirdə çıxış edərək dedi: ”Şövkət Məmmədova dünya vokal məktəbinin yüksək nailiyyətlərini milli musiqi ənənələri ilə ahəngdar şəkildə əlaqələndirərək Azərbaycan opera sənəti tarixinə parlaq səhifələr yazmışdır. Şövkət Məmmədova ilk professional Azərbaycan qadın müğənnisi, SSRİ xalq artisti, Azərbaycan opera ifaçısı və müəllimi, Azərbaycan SSRİ ali sovetinin deputatı olmuş, iki dəfə Lenin ordeni, iki qırmızı əmək bayrağı və “Şərəf nişanı” ordenləri ilə təltif edilmişdir. Ş.Məmmədova Gürcüstanın Tbilisi şəhərində 1897-ci ildə kasıb pinəçi ailəsində anadan olub. Atası Şövkətin musiqiyə qarşı olan istəyini hiss edib, milyonçu Hacı Zeynalabdin Tağıyevin köməyi ilə 1910-cu ildə onu Bakıya göndərir. 1911-ci ildə Zeynalabdin Tağıyev və həyat yoldaşı Sonanın köməyi ilə İtaliyada Milan şəhərində musiqi məktəbinə daxil olur.
Tədbirin sonrakı inkişafında məktəbin direktoru Məhin xanım sözü şagirdlərə verir. Şagirdlər Zeynalabdin Tağıyev, həyat yoldaşı Sona xanım və Şövkət Məmmədova ilə bağlı olmuş hadisəni səhnədə canlandırdılar. Çox gözəl canlandırdılar şagirdlər olan hadisələri.
Sonra Məktəbin şagirdlərindən Niyazlı İsa Cövdət Hacıyevin “Zarafat”, Məmmədov Məhəmməd A.Laranın “Qranada”, İsgəndərli Talıb Okyay kazımovun “Xəyal”, Məmmədov Emin L.Dallanın “Karuso”, Asəf Zeynallının”Ölkəm” əsərlərini ifa etdilər. Şagirdlər Şövkət Məmmədovanın həyat və yaradıcılığını sanki görmüş kimi canlandırırdılar. Sonda məktəbin rəhbəri Məhin xanım tədbirə gələn qonaqlara gəldiklərinə görə təşəkkürünü bildirdi, öz yetirmələri olan şagirdlərə uğurlar dilədi. Biz də fürsətdən istifadə edərək sənətini gözəl bilən ixtisasçı Məhin xanıma, rəhbərlik etdiyi Cövdət Hacıyev adına 3 nömrəli məktəbin şagirdlərinə göstərdiyi rəhbər-müəllim-qayğısına görə, mədəniyyətimizin, incəsənətimizin inkişafı yolunda apardığı əməyə görə, uğurlar, yeni zirvələr, yeni qələbələr arzu edirik. Qarşıda gələn Dünya Azərbaycanlılarının həmrəylik günü, yeni il bayramı münasibəti ilə səmimi qəlbdən təbrik edirik.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB