Bu gün Bakı Şəhər Mədəniyyət və Turizm Baş idarəsinin nəzdində fəaliyyət göstərən 34 nömrəli Uşaq Musiqi Məktəbinin binasının əsaslı təmirindən sonra açılış mərasimi keçirilib. SİA-nın verdiyi məlumata görə, mərasimdə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Naziri Əbülfəz Qarayev, Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin rəisi Vüqar Zeynalov, Xətai rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov, musiqi və İncəsənət məktəblərinin direktorları, İcra hakimiyyətinin işçiləri iştirak etdilər.
Tədbiri Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin rəisi Vüqar Zeynalov açıq elan edərək qeyd etdi ki, son illər respublika üzrə bir çox məktəblər əsaslı təmir olunub. 34 saylı Musiqi məktəbinin də təmirə ehtiyacı olduğundan ilin sonuna yaxın o təmir edilib müəllim və şagird kollektivinə təqdim edilir. Məktəbin dörd tərəfi abadlaşdırılıb.
Çıxışının sonunda Vüqar Zeynalov Xətai rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədova öz təşəkkürünü bildirib.
Sonra söz mədəniyyət və turizm naziri Əbülfəz Qarayevə verildi. Nazir qonaqları salamlayaraq deyib: “Hörmətli xanımlar, cənablar, hörmətli müəllimlər! Biz gözəl bir dövrdə yaşayırıq. 2017-ci ilin sonuna az qalsa da, keçmişə baxarkən görürük ki, ötən il müddətində nə qədər işlər görülüb, yeni mədəniyyət, sənaye, təhsil ocaqları açılıb. Bunların hamısı da sözsüz ki, hörmətli prezidentimiz İlham Əliyev cənablarının apardığı siyasətin məntiqi nəticəsidir. Onun əziyyətidir, onun töhfəsidir və ölkəmizin inkişafı yolunda əldə etdiyi böyük uğurlar, böyük beynəlxalq nüfuzlu hadisələr, Azərbaycanın artıq hansı istiqamətdə dünya miqyasında nə kimi qəbul olunmasına sübutlardır. Düşünürəm ki, bu gün açılan təmirindən sonra 1985-ci ildən fəaliyyət göstərən 34 saylı Musiqi məktəbi yeni il ərəfəsində növbəti ilə qədəm qoyması rəmzi bir xarakter daşıyır. Biz hamımız bu günlərin ərəfəsində bunu qeyd etməliyik ki, cənab Prezidentimizin ad günü ərəfəsində bu tədbirlərin keçirilməsi məntiqlidir, məktəb balaca da olsa çox təmizdir. Bu töhfə də ondan ibarətdir ki, Cənab Prezidentin adından biz şagird və müəllimlərimizə şərait yaradaq. Bu da burada yaşayan insanların daha da rahat övladlarını musiqi, incəsənət dərslərinə yollaması, onların dərslərinin davamiyyətinin, müəllimlərin daha yaxşı şəraitdə fəaliyyət göstərməsi üçün stimul yaradır. Olunanlar onu sübut edir ki, ölkənin sosial inkişafı konsepsiyası düz istiqamətdə gedir. Bu istiqamətdə işlər göz qabağındadır. Mən bilirəm ki, bu məktəb artıq neçə ildir, bu şəraitdən əziyyət çəkirdi. 2015-ci il yeni müdir Vəfa xanımı təyin edərkən düşünürdük ki, məktəbin işlərinin yaxşılaşdırılması üzrə işlər aparaq, Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin vasitəsi ilə bu gerçəkləşdi. Bu silsilədə olan növbəti töhfə və hadisədir ki, bu baxımdan mən Sizi təbrik etmək istərdim. Bildiyiniz kimi bu yaxınlarda Bakı şəhərinin inkişaf proqramına uyğun olaraq yeni 2 müəssisə açıldı. Hörmətli Mehriban xanımın şəxsi iştirakı və onun dəstəyi nəticəsində bunlar mümkün oldu. Mstislav Rastropoviçin adını daşıyan məktəbin yeni binası açıldı, Maştağada yeni mədəniyyət mərkəzi açıldı, hazırda Şağanda böyük mədəniyyət mərkəzi inşa olunmaqdadır və Qızıldaş qəsəbəsində böyük tikinti gedir. Orada biz Novruz bayramı ərəfəsində nəzərdə tuturuq ki, böyük bir binalar xalqın istifadəsinə verilsin. Həm musiqi məktəbləri, həm mədəniyyət mərkəzləri, həm klublar və kitabxanalar fəaliyyət göstərsin. Bu da ondan xəbər verir ki, xüsusilə də Bakı şəhər inkişafı ilə bağlı dövlətin mədəniyyət sahəsində strateji istiqaməti, artıq gerçəkləşir. Mən bilirəm ki, dünən musiqi məktəblərinin direktorları ilə bərabər Bakı idarəsində və Nazirlikdə böyük bir iclas keçirildi, iclasda bu ilin hesabatı verildi. Bildiyiniz kimi bu il müddətində biz yeni struktur çərçivəsində fəaliyyət göstəririk. Bakıdan regionlarda fəaliyyət göstərən vasitələr - işçilər artıq mərkəzləşdirilmiş qaydada regionların vasitəsi ilə idarə olunurlar. Heç bir regionda heç bir çətinlik olmadan xidmətlərin keyfiyyətinin artırılması baxımından çox lazımlı bir addımlar atıldı. Bu strategiya davam edəcək. Hesab edirəm ki, hər bir müəllim, hər bir mədəniyyət işçisi bu sahədə görülən işləri düzgün izah etməli, düzgün qəbul etməlidi. Bütün müəssisələrin optimallaşması ilə yanaşı orada gedən dərslərin keyfiyyəti, lazımsız xərclərin azadılması, sözün əsil mənasında mədəniyyətə və incəsənətə xidmətlərin yüksək səviyyədə qurulmasını təmin etməlidi. Bu bizim məqsədimizdir, bu yolda biz gedəcəyik, növbəti il biz düşünürük ki, müəllimlərin musiqi və incəsənət məktəblərinin attestasiyasını həyata keçirək. Bununlada keyfiyyətin artırılması yolunda çox güclü addımlar atacağıq. Əfsuslar olsun ki, keçən il müddətində, bu il müddətində bəzi regionlarda məktəblərin fəaliyyəti bizi qane etmədi, Biz məcburiyyət qarşısında bir neçə rəhbər ilə vidalaşmaq məcburiyyətində qaldıq. Bu da zəmanənin tələbidir. Keyfiyyətli xidmət və artıq gənclərimizi böyük mədəniyyət və incəsənət anlamına gətirmək üçün yüksək səviyyəli müəllimlər və yüksək səviyyəli tədrisi təşkil etməliyik. Düşünürəm ki, bu günkü məktəbin açılışı, bu istiqamətdə aparılan növbəti bir addımdır. Çünki, yaxşı şəraitdə çalışacaq müəllimlərdən, biz daha ciddi keyfiyyətli dərslərinin keçirilməsini tələb edə bilərik. Biz gözləyirik ki, 34 saylı məktəbin şagirdlərindən daha çoxları ali təhsil musiqi məktəblərinə daxil olacaq, daha çox beynəlxalq müsabiqələrdə iştirak edərək, laureat adına layiq görüləcəklər, Bu proseslər parallel olaraq gedəcək.
Ümumiyyətlə, mən hesab edirəm ki, Azərbaycanın bütün bölgələrində o cümlədən də paytaxtda bu gün biz olduğumuz məkanda tədbirlərin keçirilməsi, Prezidentin apardığı siyasi strateji xəttin məntiqli davamıdır, ayrılmaz bir hissəsidir. Mən xüsusilə qeyd etmək istərdim ki, Azərbaycanın bu gün nüfuzlu beynəlxalq tədbirlərə dünya miqyasında ev sahibliyi etməyi cənab Prezidentin təşəbbüsüdür. Dünyada gedən çox çətin, mürəkkəb proseslərin çərçivəsində Azərbaycanın bir sabitlik adası kimi qalması, ölkəmizin inkişafının təyinatlı şəkildə davam etməsi, bu ölkəmizin həm nüfuzunu dünya miqyasında artırır, həm də xalq tərəfindən cənab Prezidentə böyük bir dəstək, ona məhəbbət və sevgi, ifadə etmək yolunu göstərir. Hesab edirəm ki. növbəti il bizim üçün çox vacib bir il olacaq, növbəti il ərzində həm beynəlxalq tədbirlərdə, həm respublikanın daxilində olan böyük siyasi hadisələr, tədbirlər keçiriləcək. Sözsüz ki, mədəniyyət işçilərindən bu layihələrin gerçəkləşdirilməsində xüsusi yerinin və rolunun olmasını tələb edilir. Mən hər bir müəllimə, hər bir müdirə, hər bir mədəniyyət işçisinə müvəffəqiyyət arzulayıram. Bu gün bu orduda - mədəniyyət sahəsində 65 mindən çox, turizm də 46 min insan çalışır. 110.000-dən çox insan bu sahədə çalışaraq, cənab Prezidentin və hörmətli Mehriban xanımın bərabər apardığı mədəniyyət və turizm siyasətinə öz dəyərli töhfələrini verirlər. Biz də verilən tələblərə uyğun olaraq öz işimizi daha da ciddi, daha da məsuliyyətli və mütəşəkkil şəkildə yeni texnoloji imkanlarla, daha geniş imkanlardan istifadə etmək yolu ilə qurmalıyıq. Bir sözlə, bu günkü bayram əhval–ruhiyyəsi bu məktəbin müəllimləri, şagirdləri üçün bir sevincdir. Onlar, yaxşı şəraitdə daha yaxşı fəaliyyət göstərərək növbəti ildə bizi sevindirəcəklər. Mən Sizin hamınızı bir daha salamlamaq istəyirəm, bu balacada olsa bu açılışa təşrif buyurduğunuz üçün təşəkkürümü bildirmək istərdim. Fürsətdən istifadə edib, məktəbin daxilində çalışıb şəraiti yaratmışıq, amma məktəbin ətrafında rayon miqyasında görülən abadlıq işlərində, bizə dəstək olmasında Xətai rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədova təşəkkürümü bildirmək istəyirəm. Mən ümid edirəm ki, rayon İcra hakimiyyəti, bu məktəbin fəaliyyətinə xüsusi diqqət yetirəcək, dəstək olacaq, və şagirdlərin nailiyyəti ilə sevinəcək. Mən hamınızı bu bayram münasibəti ilə ürəkdən təbrik edir, bütün müəllim heyətinə uğurlar arzulayıram. Hamımıza da yeni ildə yeni uğurlar, yeni zirvələr, yeni qələbələr, Azərbaycan xalqının rifahının yüksəlməsini arzulayıram. Çox sağ olun”.
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Naziri Əbülfəz Qarayevin nitqindən sonra söz Xətai rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədova verildi. Razim Məmmədov nazir Əbülfəz Qarayevi, tədbir iştirakçılarını müəllimləri salamlayaraq bildirib ki, bu gün rayonun ən əlamətdar günlərindən biri, növbəti uğurlarımızdan biridir: “Rayonumuz üçün yaradılan şəraitlə bağlı və rayonumuzda açılışı olan musiqi məktəbi ilə bağlı və bu gün cənab Nazirin bura gəlməsi sevindirici haldır. Cənab nazir məktəbin açılışı ilə bağlı mən öz təşəkkürümü, başda cənab Prezident olmaqla, Mehriban xanıma öz təşəkkürümü bildirirəm. Bu tədbirdə iştirak edən bütün, hamını qarşıda gələn bayram münasibəti ilə təbrik edirəm, yaranan şərait, 40 minə yaxın əhalinin bizim musiqi məktəbində təhsil alması, musiqi məktəbinin belə ərsəyə gəlməsi, gələcəkdə musiqi məktəbinin qorunub saxlanması bizim həmişə diqqət və qayğımızda olacaq. Bu gün münasibəti ilə hamınızı təbrik edirəm, Sizə uğurlar arzulayıram”.
Çıxışlardan sonra Məktəbin açılışı ilə bağlı qırmızı lent kəsilib və qonaqlar məktəbin otaqları ilə tanış olublar. Məktəbin dəhlizlərində Ulu öndərimiz Heydər Əliyev və Prezident İlham Əliyevlə bağlı stendlər diqqəti cəlb edib.
Məktəbin akt zalında qonaqları Məktəbin müdiri Vəfa xanım Həziyeva qarşılayaraq təhsil ocağında yaradılan şəraitə görə Cənab Prezident İlham Əliyevə, Birinci xanım Mehriban Əliyevaya, Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayevə, Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin rəisi Vüqar Zeynalova, Xətai rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədova dərin minnətdarlığını bildirib.
Daha sonra məktəbin şagirdlərindən ibarət Konsert proqramı təqdim edilib. Məktəbin müdiri Vəfa xanıma, müəllimlərdən - Afət Məmmədovaya, Nigar Qarayusifliyə, Məhbubə Ələkbərovaya, Yalçın Əlixana, Oqtay Mürşidova, Aygün Ələkbərovaya, konsertmeysterlərdən- Afət Məmmədovaya, Səbinə Zeynalovaya, Aynurə Seyidovaya konserti gözəl təşkil etdikləri üçün redaksiya adından minnətdarlıq edir yeni-yeni nailiyyətlər arzulayırıq.
Qeyd edək ki, 22 avqust 1985-ci ildən fəaliyyətə başlayan məktəb 7 sinif otağından ibarət idisə, 01 sentyabr 1987-ci il tarixindən 16 sinif otağı, zal, qəbul otağı (dəftərxana), direktor otağından ibarət oldu. Məktəbin sahəsi hal-hazırda 279,2 kv.m təşkil edir. 2017-ci ildən məktəb binasında aparılan əsaslı təmir işlərindən sonra binada istilik sistemi çəkilib, akt zalı, kitabxana yaradılıb. Otaqlar genişləndirilib, yeni otaqlar yaradılıb. Məktəbin bütün avadanlığı və inventarı təzələnib.
Məktəbdə fortepiano, skripka, klarnet, violonçel, fleyta, saksafon, qoboy, vokal, tar, kamança, qanun, balaban, qarmon, nağara, xanəndə, saz kimi 16 fənn üzrə 300-ə yaxın şagird təhsil alır. Musiqi məktəbində 4 şöbə-fortepiano, xalq çalğı alətləri, simli və nəfəs alətləri, nəzəriyyə üzrə 77 müəllim çalışır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB