Həvəskar rəssamların və xalq tətbiqi sənəti ustalarının əsərlərindən ibarət Respublika sərgisi açılıb - FOTOSLAYD

Həvəskar rəssamların və xalq tətbiqi sənəti ustalarının əsərlərindən ibarət Respublika sərgisi açılıb - FOTOSLAYD
Bu gün Muzey Mərkəzinin sərgi qalereyasında həvəskar rəssamların və xalq tətbiqi sənəti ustalarının əsərlərindən ibarət Respublika sərgisi açılıb. SİA-nın məlumatına görə, açılışda çıxış edən mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva bildirib ki, artıq 2-ci dəfədir ki, təşkil edilir: "İlk belə sərgi 2008-ci ildə həyata keçirilib. Ulu öndər Heydər Əliyev Azərbaycan mədəniyyətinin bütün sahələrinə hər zaman xüsusi diqqət ayırıb. Hazırda Prezident İlham Əliyev də bu siyasəti uğurla davam etdirir".

S. Məmmədəliyeva çıxışından sonra 5 nominasiya üzrə keçirilən sərgi-müsabiqədə, əsərləri xüsusilə fərqlənən müəlliflərə münsiflər heyətinin qərarına uyğun olaraq 1-ci, 2-ci və 3-cü dərəcəli diplomlar, pul mükafatları, fəxri fərmanları öz sahiblərinə təqdim edib.

Mükafatlandırılmadan sonra isə həvəskar rəssamların çəkdiyi sərgiyə nümayiş keçirilib. Sərgidə 70-dən çox müəllifin 300-ə yaxın müxtəlif janrda əl işləri nümayiş olunub.

Məlumat üçün bildirək ki, Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzi tərəfindən təşkil edilən sərgidə rəngkarlıq və qrafika əsərləri ilə yanaşı heykəltəraşlıq, xalçaçılıq, zərgərlik, nəqqaşlıq, dulusçuluq, bədii tikmə və digər tətbiqi sənət nümunələrinə geniş yer ayrılıb.

Qeyd edək ki, sərgi iki gün davam edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə