Quba və Xaçmaz rayonlarında yaradıcılıq görüşləri keçirilib

Quba və Xaçmaz rayonlarında yaradıcılıq görüşləri keçirilib
Mədəniyyət və Turizm Nazirliyinin 2010-cu ilin ikinci yarımili üçün iş planına əsasən Quba və Xaçmaz rayonlarında yaradıcılıq görüşləri keçirilib. Bu barədə SİA-ya Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, görüşlər regionlarda mədəniyyətin müxtəlif sahələrinə marağın daha da artırılması, əhalinin, o cümlədən gənc nəslin sənət adamları və yaradıcı şəxslərlə, onların yaradıcılığı ilə yaxından tanış olması, bölgələrlə mədəni əlaqələrin möhkəmləndirilməsi məqsədi daşıyıb.

Tədbirdə iştirak etmək üçün Regionlarla iş sektorunun aparıcı məsləhətçisi O.Muxtarov, Kinematoqrafiya şöbəsinin böyük məsləhətçisi A.Sultanzadə, xalq artisti, rəqqasə C.Bayramova, əməkdar incəsənət xadimi, bəstəkar E.Mansurov, əməkdar artist Gülüstan Əliyeva və "40-cı qapı" bədii filminin baş rollarından birinin ifaçısı Rövşən Ağayev, musiqiçilər Elşən Məmmədov və Elxan Nurməmmədov həmin rayonlara ezam ediliblər.

Quba rayon Mədəniyyət evində keçirilən görüşü rayon mədəniyyət və turizm şöbəsinin müdiri E.Məhərrəmov açaraq öz çıxışında tədbirin Quba şəhərində keçirildiyinə görə Mədəniyyət və Turizm Nazirliyinə minnətdarlığını bildirib, tədbirin rayonun mədəni həyatında mühüm hadisə olduğunu vurğulayıb.

Xaçmaz şəhərində rayon İcra Hakimiyyətinin başçısı Ş.Xanbabayev görüş iştirakçılarını qəbul edərək tədbirin böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb, onlara yaradıcılıq uğurları arzulayıb. Rayon mədəniyyət evində keçirilən görüşdə xalq artisti, rəqqasə C.Bayramovanın, əməkdar incəsənət xadimi, bəstəkar E.Mansurovun, əməkdar artist G.Əliyevanın və müğənni N.Əzizbəylinin çıxışları alqışlarla qarşılanıb, tədbirdən sonra "40-cı qapı" filmi nümayiş etdirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə