"Azərbaycan, Qarabağ və sülh üçün oxu" klipinin təqdimatı keçirilib FOTOLAR
Nizami Kino Mərkəzində "Azərbaycan, Qarabağ və sülh üçün oxu" klipinin təqdimat mərasimi keçirilib. Klip Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi və Özbəkistandakı səfirliyimizin nəzdində fəaliyyət göstərən Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) layihəsi ilə hazırlanıb.
SİA-nın məlumatına görə, layihənin həyata keçirilməsində əsas məqsəd Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, müharibənin yaratdığı fəsadlar haqqında Özbəkistan ictimaiyyətini məlumatlandırmaqdan ibarətdir.
Təqdimat mərasimində çıxış edən Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov mədəniyyətimizin qardaş ölkədə tanıdılması sahəsində görülən işlərdən danışıb. Qeyd edib ki, ölkəmizin mədəni irsinin Özbəkistanda təbliğatı məqsədilə bir sıra layihələr icra olunur, təqdimatlar keçirilir.
Musiqi əsəri haqqında fikirlərini bölüşən Samir Abbasov bildirib ki, klipdə Özbəkistanın 32 nəfər musiqiçisi iştirak edib: "Onların arasında peşəkar, tanınmış ifaçılar da yer alıb. Özbəkistanın əməkdar artistləri Yulduz Turdiyeva, İsroil Saidumarov, Dilnoza Akbarova, eləcə də "Özbək gəncləri", "Surxan" musiqi qrupları və AMM-in "Azərbaycan qızları" milli rəqs ansamblı layihədə iştirak edib. Çəkilişlər Daşkənd, Səmərqənd, Buxara, Xivə, Fərqanə, Margilan, Gülüstan, Kaşqadərya və digər şəhərlərdə aparılıb".
Vurğulanıb ki, klipdə ifa zamanı Ermənistanın işğalı altındakı ərazilərimizin görüntüləri də nümayiş olunur.
O da bildirilib ki, klip "AzVision.az" saytı tərəfindən təqdim edilmiş "Qarabağ üçün oxu" layihəsi əsasında həyata keçirilib. İlin sonunadək klipin Özbəkistanda da təqdimatının keçirilməsi planlaşdırılır.
Daha sonra klip nümayiş olunub. Layihə iştirakçıları "Bayatı-Şiraz" muğamını, "Anadır arzulara Qarabağ", "Ay Laçın" və "Sizə salam gətirmişəm" mahnılarını ifa ediblər. Klipin sonunda böyük qayıdışı simvolizə edən Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin görüntülərinə yer verilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB