Bakı şəhər Mədəniyyət və Turizm Baş idarəsinin təşkilatçılığı ilə G.Şaroyev adına 35 nömrəli onbirillik Musiqi məktəbində “Ustadla görüş-Ustad dərsləri”, “Səslən tarım” adlı tədbir keçirilib. Tədbir Xalq artisti, professor, Dövlət mükafatı laureatı, ustad tarzən Ramiz Quliyevə həsr edilib.
G.Şaroyev adına 35 nömrəli onbirillik Musiqi məktəbinin müəllimi, musiqişünas Həqiqət Hüseynova çıxış edərək ustad tarzənin həyat yolundan, musiqi dünyasından danışıb. Bildirib ki, milli musiqimizin tacı sayılan tardan söhbət düşərkən göz önünə Mirzə Əsəd oğlu Sadıqcan, Qurban Primov, Mirzə Mənsur, Mirzə Fərəc Rzayev, Əhməd Bakıxanov, Bəhram Mənsurov, Hacı Məmmədov, Əhsən Dadaşov, Sərvər İbrahimov və başqaları düşür. Onların davamçılarından biri də bu məktəbin layiqli davamçılarından biri respublikanın Xalq artisti, professor, “Şöhrət” və “Şərəf” ordenli Ramiz Quliyevdir. O, Azərbaycanı ifa etdiyi musiqi aləti tarın mizrabının gücü ilə dünyaya tanıdan mahir ifaçıdır. O, deyir: “Mən Üzeyir bəyin adını daşıyan Azərbaycan Dövlət Konservatoriyasına düz 1964-cü ildən indiyə qədər gedib-gəlirəm. Çox yaxşı və pis anlarım da olub. Hətta yerimdə saydığım anlarım da olub. Bu addımların hər birisini mən düşünərək atmışam. Mən həmişə qarşıma bir məqsəd qoymuşam ki, ifaçılıq və pedaqoji fəaliyyətə bərabər tarı dünyanın ən böyük və möhtəşəm orkestrləri ilə ifa edəm”.
Bu fikirlər Xalq artisti Ramiz Quliyevin çoxsaylı müsahibələrinin birindəndir. Böyük zəhmət və istedad hesabına əldə etdiyi nailiyyətlər onu hamının sevimlisinə çevirdi. Azərbaycan xalq musiqisinin pərəstişkarları arasında elə bir şəxs tapılmaz ki, bi virtuoz ifaçını, muğamlarımızın mahir bilicisi Ramiz Quliyevin yaradıcılığına laqeyd qalsın. Onun xarıcı və Azərbaycan bəstəkarlarının tar ilə fortepiano üçün işləyib hazırladığı bir çox olduqca dəyərli əsərləri geniş musiqi ictimaiyyətinə təqdim edilmişdir. Bir sıra dərslik və proqramların, elmi məqalələrin və metodiki tövsiyyələrin müəllifi olan professor Ramiz Quliyevin bu il yubileyidir.
Musiqişünas H.Hüseynova yubilyarı bu şöhrət zirvəsinə gətirən yolun qısa, yalnız zəngin bir tarixçəsini ustad tarzənin keçdiyi çoxşaxəli həyat və yaradıcılıq yolundan bu sahədə qazanılan uğurlardan söz açdı.
Ramiz Əyyub oğlu Quliyev 1947-ci il aprelin 30-da Ağdam şəhərində ziyalı ailəsində dünyaya göz açıb. Uşaq ikən tar sənətinə maraq göstərib. Bu səbəbdən atası onu 1954-cü ildə Ağdam şəhər 5 nömrəli orta məktəblə yanaşı uşaq musiqi məktəbində tar ixtisası üzrə təhsil almağa qoyur. İlk gündən uşağın yüksək qavrama qabiliyyəti, ritmi dəqiq tutmaq bacarığıƏ ən başlıcası tara olan sonsuz məhəbbəti ilk müəllimləri Cəlal Əliyevi, Lentruş Orucovun nəzərindən yayınmır. 1960-cı ildə musiqi məktəbini əla qiymətlərlə bitirərək sənədlərini Ü.Hacıbəyli adına Ağdam şəhər orta ixtisas musiqi məktəbinə verir. Tələbə ikən o, özünün ifaçılıq məziyyətləri ilə çeçilib. Həmyaşıdlarından fərqli olaraq təkcə muğam və xalq mahnı ifaçılığına deyil, eyni zamanda Rus və Qərb bəstəkarlarının əsərlərini də ifa etməyə çalışıb. Musiqi texnikumunda tar ixtisası üzrə Əlipaşa Daşdəmirov, muğam ifaçılıq üzrə Xosrov Fərəcov, Müşayiətçi-akkompaniator üzrə Məşədi Bahadur Mehrəliyev və Musa Şuşinskidən təhsil alır. Tədris ilinin yekun imtahanlarında Ramizin ifa etdiyi “Orta Mahur” muğamı və V.Montinin “Çardaş” əsəri imtahan komissiya üzvləri tərəfindən yüksək qiymətləndirilir. 1960-cı ildə gənc tarzənin bu uğurunu görən musiqi texnikumunun direktoru Xosrov Fərəcov onu özünün rəhbərlik etdiyi “Şur” xalq çalğı alətləri ansamblına dəvət edir. Bu ansamblın həm yaşca, həm də boyca ən kiçik ifaçısı olan Ramiz tez bir zamanda kollektivə isinir. Ansambldakı fəaliyyəti gənc tarzənin həyatında çox mühüm rol oynayır. Respublikada kifayət qədər tanınan “Şur” ansamblı respublika müsabiqə və festivallarının qalibi kimi uğurlu çıxışları ilə yadda qalıb. Bu uğurların nəticəsi olaraq 1962-ci ildə Moskvada keçmiş SSRİ Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində iştirak etmək üçün respublikamızı təmsil etmək məhz “Şur” ansamblına həvalə olunur. Ansamblın ifasında səslənən “Çahargah” kompozisiyası və Ramiz Quliyevin ifa etdiyi “Rast” muğam dəstgahı moskvalılar və qonaqlar tərəfindən sürəkli alqışlarla qarşılanır. Kollektiv sərgidə medal və fəxri fərmanlarla təltif olunaraq vətənə qayıdır. Moskva səfəri 15 yaşlı gənc tarzənin həyatında sənət uğuru olmaqla yanaşı, gələcək həyat və yaradıcılıq yolunda da çox mühüm rol oynadı. Gələcəkdə tar sənətini daha mükəmməl öyrənmək, ali təhsil almaq, tarı dünya səviyyəsində tanıtmaq həvəsini artırdı. 1964-cü ildə O, sənədlərini Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasına verir. 1969-cu ildə buranı fərqlənmə diplomu ilə tar və dirijorluq ixtisası üzrə bitirir. Konservatoriyada təhsil aldığı dövrdə tar ixtisası üzrə görkəmli pedaqoq və bəstəkar Adil Gəray Məmmədbəylidən, dirijorluq ixtisası üzrə Əhəd İsrafilzadə və Niyaz Kərimovdan sənətin sirlərini öyrəmir. 1974-cü il tarzənin həyatında xüsusilə əlamətdar olmuşdu. Həmin ilin oktyabr ayında musiqiçilərin Zaqafqaziya festivalında birinci mükafata, noyabr ayında isə Moskvada keçirilən estrada artistlərinin V Ümümittifaq müsabiqəsində laureat adına layiq görülərək Qızıl medalla təltif olunur. Hazırda Azərbaycan xalq musiqisini sevənlər arasında elə bir şəxs tapılmaz ki, tarın virtuoz ifaçısı, milli muğamlarımızın mahir bilicisi olan Ramiz Quliyevin yaradıcılığı ilə yaxından tanış olmasın. O, mahir ifaçı kimi, filarmoniya, konservatoriya, radio və televiziyada tez-tez solo konsertlərlə çıxış edir. Onun xarici ölkələrə qastrol səfərləri də uğurla keçərək, əks-səda doğurur. Ramiz Quliyevin tarı Türkiyə, Əfqanıstan, Qvineya-Bisau, Hollandiya, Tunis, Almaniya, Əlcəzair, Hindistan, Yaponiya, Polşa, Kanada, Fransa, İngiltərə, ABŞ və digər ölkələrdə heyranlıqla qarşılanıb. O, Azərbycan tarını uca zirvələrə yüksəldə bilmişdir. Xarici ölkələrə qastrol səfərlərindən yaddaqalan konsertlərdən biri də 1988-ci ildə UNESCO-nun xətti ilə ABŞ-da keçirilən Beynəlxalq Folklor Festivalındakı uğurlu çıxışı olmuşdur. Bu ifa sırf yüksək ifaçılıq məharətinə görə xüsusi diploma layıq görülmüşdür. 1989-cu ildə isə R.Quliyev ənənəvi Böyük İpək yolu festivalına dəvət olunaraq, 40 gün ərzində Yaponiyanın 30-dan çox şəhərlərində konsertlər vermişdir. 1997-ci ildə dünya şöhrətli musiqiçi M.L.Rostropoviç Ramiz Quliyev və oğlu Əyyub Quliyevlə birlikdə ifalarını yüksək qiymətləndirərək onları aprel ayında Bakıda , may ayında isə Moskvada keçirilən 70 illik yubiley tədbirlərində çıxış etmək üçün dəvət etmişdir. Bununla yanaşı Moskvada və Bakıda tarzənin SSRİ Xalq artisti M.Maqomayevin 55 illiyinə sevimli bəstəkarımız Xalq artisti Tofiq Quliyevin 80 illik yubiley tədbirlərində müvəffəqiyyətli çıxışlarını da qeyd etməmək olmaz. Ulu öndər Heydər Əliyev Ramiz Quliyevin ifasını yüksək qiymətləndirib onu “vertuoz ifaçı” adlandırırdı. Ramiz Quliyev dünya şöhrətli Maestro Niyazi, Səid Rüstəmov, Rauf Abdullayev, Ramiz Məlik-Aslanov, Fəxrəddin Kərimov, Azad Əliyev, Teymur Göyçayev, Yalçın Adıgözəlov, Əyyub Quliyev, Nəriman Əzimov, Ağaverdi Paşayev, N.Nekrasov (Rusiya), Daniel Klayner (Almaniya), Georgi Mustu (Rumıniya), V.Haqnəzərov (Özbəkistan) və digər dirijorların rəhbərlik etdikləri orkestrlərin müşayiəti ilə Azərbaycan və dünya klassiklərinin əsərlərini məharətlə ifa etmişdir. Görkəmli tarzən yotulmaz ifaçılıq fəaliyyəti ilə yanaşı, pedaqoji sahəyə də diqqət ayırır. Neçə illərdir ki, professor Ramiz Quliyev tar ifaçılarının böyük bir ordusunu yetişdirib. O, hazırda böyük uğurla Ü.hacıbəyli adına Bakı Musiqi Akademiyasında öz pedaqoji fəaliyyətini davam etdirir. Professor Ramiz Quliyevin sinfini bitirmiş tələbələr Azərbaycanın ali və orta ixtisas tədris müəssisələrində, orkestr və ansambllarda eləcə də xarici ölkələrdə fəaliyyətlərini davam etdirirlər. 2007-ci ildə Ramiz Quliyev və beynəlxalq müsabiqələr laureatı oğlu Əyyub Quliyevin Polşanın belastok Şəhər Filarmoniyasında Podlaziya Opera və Filormoniya orkestri ilə çıxışları “İlin konserti” nominasiyasında qalib elan edildi. Dünyanın 70-dən artıq ölkəsində, həmçinin Azərbayvcanda ustad sənətkarın ifasında muğamlar, xalq musiqi nümunələri, Azərbaycan və xarici ölkə bəstəkarlarının əsərləri müxtəlif orkestrlərin müşayiəti ilə lentə alınaraq, DVD, CD, videokasset, kompakt-disk və audio kasset formasında kütləvi tirajla yayımlanır. O, 1981 və 1984-cü illərdə XVIII və XIX çağırış Nəsimi rayon Xalq Deputatları Sovetinə deputat seçilmişdir. Sənət uğurlarına görə Ramiz Quliyev 1993-cü ildə “Humay” Beynəlxalq Milli Mükafatına, 2001-ci ildə “Simurq” Milli Mükafat Fondunun təsis etdiyi “XXI əsrin ilk laureatları”adlı dərəcəli mükafata, “İlin fədakar sənətçisi” fəxri adına layiq görülmüşdür. Ramiz Quliyev 26 iyul 2002 və 5 iyul 2003-cü illərdə Prezident mükafatı ilə təltif olunur. 2007-ci ildə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə “Şöhrət” , 2017-ci ildə isə “Şərəf” ordeni ilə 2014-cü ilin may ayında isə Azərbaycan Respublikasının Dövlət Mükafatı ilə təltif olunub. Hər bir uğurun arxasında gərgin əmək və böyük zəhmət durur. Zəhmətin sevinci isə daha şirin olur. Ustad sənətkarın ifasında hər dəfə tarın ecazkar səsini eşitdikcə, məşhur bir mahnıda deyildiyi kimi bir söz keçir ürəkdən: ”Necə heyran olmayım mən səni dinləyəndə”
Tədbirdə ustad Ramiz Quliyev master-klass aparmaq üçün səhnəyə dəvət edilib. O, öz bilik bacarığını nümayiş etdirib.
Daha sonra şagirdlərdən ibarət konsert proqramı təqdim edilib.
Sonda 15 saylı məktəbin direktoru Nadir Babyev ürək sözlərini Ramiz Quliyevə və tədbir iştirakçılarına çatdırıb. Qonaqlardan Bəstəkarlar İttifaqının katibi, əməkdar incəsənət xadimi Sərdar Fərəcov, A.Zeynallı adına Bakı Musiqi texnikumunun direktoru, əməkdar insəsənət xadimi, professor Nazim Kazımov və 11 illik Musiqi Məktəbinin direktoru Rövşən Məmmədov çıxış edərək tanınmış tarzən haqqında xoş sözlərini çatdırıblar.
Tədbir görkəmli tarzən Ramiz Quliyevin müxtəlif konsertlərdə çəkilmiş video görüntülərini nümayiş etdirilməsi ilə başa çatıb.
Məmmədhəsən MƏMMƏDOV
Kəmalə ƏSƏDULLAYEVA
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB