Mariinski adına Dövlət Akademik Opera və Balet Teatrının solisti “Karmen” operasında baş rolu oynayacaq - FOTO

Mariinski adına Dövlət Akademik Opera və Balet Teatrının solisti “Karmen” operasında baş rolu oynayacaq - FOTO
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının rəhbərliyi Sankt-Peterburqun Mariinski adına Dövlət Akademik Opera və Balet Teatrının solisti Reqina Rüstəmovanı Bakıya dəvət edib. Bu barədə SİA-ya teatrın mətbuat xidmətinin rəhbəri Şükufə Ağamirzəyeva məlumat verib.

Reqina Rüstəmova oktyabrın 24-də J.Bizenin "Karmen" operasının tamaşasında əsas partiyanı – Karmen rolunu ifa edəcək. "Karmen" operasının tamaşasında digər əsas rollarda teatrın aparıcı solistlərindən əməkdar artistlər, Vokalçıların Bülbül adına beynəlxalq müsabiqələrinin laureatları Həsən Enami (Xoze), Əvəz Abdullayev (Eskamilio) və Fəridə Məmmədova (Mikaella) iştirak edəcək.

Tamaşanın dirijorluğu isə Rusiyanın əməkdar artisti, dövlət mükafatı laureatı, Sankt-Peterburq Dövlət Simfonik Orkestrinin baş dirijoru və bədii rəhbəri, professor Andrey Anixanova həvalə olunub.

Qeyd edək ki, Reqina Rüstəmova vokalçıların 2006-cı ildə Moskvada keçirilən 14-cü Beynəlxalq "Bella voce" müsabiqəsinin diplomantıdır. 2008-ci ildə Finlandiyanın Mikkele şəhərində Vokal Akademiyasında təcrübə keçib, Y.Obraztsova, V.Atlantov və M.Kasraşvilinin ustad dərslərində iştirak edib. 2009-cu ildən Mariinski adına teatrın solistidir. Bu teatrda C.Rossininin "Zoluşka" operasında Zoluşka, "Sevilya bərbəri"ndə Rozina, P.Maskaninin "Kənd namusu" operasında Santutsa, J.Bizenin "Karmen" operasında Karmen, N.Rimski-Korsakovun "May gecəsi" operasında Qanna və "Çar gəlini"ndə Lyubaşa rollarını ifa edir. Reqina Rüstəmova Mariinski teatrı truppasının tərkibində aparıcı solistlərlə birlikdə Danimarka, İsveç, Finlandiya, Türkiyə, Macarıstan və Hollandiyada solo konsertlərlə çıxış edib.

Bütün xəbərlər Facebook səhifəmizdə