“START” Beynəlxalq Film Festivalı sürprizlərlə başlayır- FOTO

“START” Beynəlxalq Film Festivalı sürprizlərlə başlayır- FOTO
Mədəniyyət və Turizm Nazirliyi, Gənclər və İdman Nazirliyi və "CİNEMA" Mərkəzinin təşkilatçılığı ilə VII "START" Beynəlxalq Film Festivalının qəbul qaydalarında dəyişiklik edilib. Festivalın direktoru Fehruz Şamıyev SİA-ya verdiyi açıqlamasında bildirib ki, ilkin dəyişiklik festivalın strukturu ilə bağlıdır: "Belə ki, bu ildən festival iştirakçıları yalnız tələbələrdən ibarət olmayacaq. "START" Beynəlxalq Tələbə Film Festivalı bu ildən başlayaraq 30 yaşına qədər gənc kinomanların qısametrajlı filmlərin yarışını da ayrıca müsabiqə ilə təşkil etmək niyyətindədir. 2011-cu ildən başlayaraq beynəlxalq qısametrajlı film festivalı kimi fəaliyyət göstərmək niyyətindəyik. Bu dəyişiklik festivala qoşulmaq istəyən gənc kinematoqrafçılar üçün nəzərdə tutulub və onların təklifləri əsasında baş verib. Bu il tələbə və gənclər statusu yanaşı istifadə olunacaq, jüri həm tələbələrin, həm də gənclərin filmlərini qiymətləndirəcək".

F.Şamıyev həmçinin festivalla bağlı ikinci əsas dəyişikliyin jürinin tərkibiylə bağlı olduğunu vurğulayıb. Onun sözlərinə görə, "START" Beynəlxalq Film Festivalının jürisində təmsilçilərdən biri və ya bir neçəsi ictimaiyyəti təmsil edəcək: "Bu dəyişiklik festivala ictimai diqqətin artırılması məqsədi ilə edilir. Təşkilatçılar Azərbaycanı dünyada şərəflə təmsil edən gəncləri jüriyə dəvət etməklə festivalın işinə rəng qatmaq niyyətindədirlər. Bu gənclərlə ilkin təmaslar yekunlaşıb və hazırda tərkibdə təmsil olunacaq şəxsin dəqiqləşdirilməsi yekunlaşmaqdadır. Festivalın beynəlxalq jürisinin heyətində də təmsilçilər ötən illərdən fərqlənəcək. Bu il biz jüridə Kann, Venesiya festivalları kimi beynəlxalq kino bayramlarda qalibləri seçmiş şəxslərlə danışıqlar aparırıq və onlardan biri iştirakla bağlı razılığını ifadə edib". "START" Beynəlxalq Film Festivalda digər yenilik iştirakçı ölkələrin sayı ilə bağlıdır. Bu il iştirakçı ölkələrin sayının 30-a çatacağı gözlənilir: "Sevindirici hal ondan ibarətdi ki, iştirakçı olmaq arzusunda olan ölkələrin əksəri kino ənənəsi olan dövlətlərdir. Belə dövlətlərin sırasında Fransa, Rusiya, Çin, İran, Serbiya, Argentina və sair bu kimi ölkələr var", - deyə o əlavə edib.

Məlumat üçün bildirək ki, "START" Beynəlxalq Film Festivalını 2004-cü ildə "Cinema" Gənc Kinematoqrafçılar Mərkəzi təsis edib. Azərbaycanın ilk peşəkar rejissoru Səməd Mərdanovun adını daşıyan festival növbəti illərdə digər ölkələrin tələbələrini də özünə cəlb etməklə əhatə dairəsini daha da genişləndirib. "START" Beynəlxalq Film Festivalının təşkilatçı və təsisçilərinin məqsədi regionda gənclərin ən mötəbər film festivalının məhz Azərbaycanda keçirilməsinə nail olmaqdı. 2005-ci ildən festival beynəlxalq statuslu oldu. "START" Beynəlxalq Film Festivalının məqsədi tələbə və gənclərin filmlərinin baxışını və müzakirəsini keçirmək, onlara dövlət qayğısını, diqqəti artırmaq, bu sahədə dünya praktikasında baş verən proseslərlə tanış etməkdir. "START" həm də yerli gənc rejissorların əcnəbi həmkarları ilə əlaqələr qurmasında start nöqtəsidir.

Festival barədə ətraflı məlumatı və yeni qəbul qaydalarını startfestival.org saytında tapmaq mümkündür.

Bütün xəbərlər Facebook səhifəmizdə