Berlində Üzeyir Hacıbəyovun 125 illiyinə həsr edilmiş tədbir keçirilib
Oktyabrın 9-da Berlində fəaliyyət göstərən "Azərbaycan Kültür Ocağı"nda dahi bəstəkar, Azərbaycan professional musiqisinin banisi, görkəmli ictimai xadim, musiqişünas, alim və pedaqoq Üzeyir Hacıbəyovun anadan olmasının 125 illik yubileyi qeyd edilib.
Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, tədbiri "Azərbaycan Kültür Ocağı" və Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzi birgə təşkil edib.
Gecəni "Azərbaycan Kültür Ocağı"nın sədri Hakan Ciflik açaraq bu tədbirin Azərbaycan mədəniyyətinin ən önəmli səhifələrindən birinə həsr olunduğunu bildirib.
Sonra "Azərbaycan Kültür Ocağı"nın üzvü Reyhan Qasımova Üzeyir Hacıbəyovun həyat və yaradıcılığı haqqında ətraflı məlumat verib, bəzi məqamlar üzərində xüsusilə dayanaraq "Arşın mal alan" musiqili komediyasının tarixindən yaddaqalan faktlar açıqlayıb. Bu ölməz əsərin ekranlaşdırılması tarixinə dair aşkar edilmiş faktlar qonaqların böyük marağına səbəb olub.
AAKM-nin icraçı direktoru Samirə Patzer-İsmayılova "Üzeyir dünyası" mövzusunda çıxış etməzdən öncə dahi bəstəkarın məşhur "Koroğlu" operasından Üvertüranın səsləndirilməsini təklif edib. S.Patzer-İsmayılova bəstəkarın Azərbaycan musiqi tarixində oynadığı roldan, dünya musiqisinə gətirdiyi yeniliklərdən, Azərbaycan mədəniyyəti qarşısındakı əvəzsiz xidmətlərindən, ümumiyyətlıə Üzeyir dühasının çoxşahəliliyindən danışıb, məhz Ü.Hacıbəyovun şərq və qərb mədəniyyətlərinin sintezini yaratdığını vurğulayıb.
Tədbirdə həmçinin "Azərbaycan Kültür Ocağı"nın üzvü Mənsur Merqatinin hazıdladığı Üzeyir Hacibəyovun həyatının müxtəlif mərhələlərini əks etdirən və onun əsərlərindən ibarət fraqmentlər əsasında qurulmuş qısa film təqdim olunub.
Gecədə Almaniyada yaşayan tarzən Cavad Mirzəyevin ifasında Azərbaycan musiqisindən parçalar da səslənib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB