Sənətə bağlı ömür Elxan Məmmədov - 70

Sənətə bağlı ömür Elxan Məmmədov - 70

Azərbaycanın Əməkdar Mədəniyyət işçisi Elxan Məmmədovun anadan olmasının 70 illiyi və əmək fəaliyyətinə başlamasının 50 illiyini qeyd edilir

Müəllimlik şərəfli peşədir. Azərbaycanın musiqi sahəsində çalışan ifaçıları, xanəndələri, müğənniləri eyni zamanda müəllimlik ediblər. Onlar sələflərinin onlara qoyduğu mirası yeni nəslə ötürmək məqsədi daşımışlar. Elxan Məmmədov da belələrindəndir. O, Torpağa, Vətənə, Anaya, el-obaya bütün varlığı ilə bağlı bir insandır. Hər şeydən öncə əsl mədəniyyət xadimidir. Mədəniyyətə, sənətə dərin tellərlə bağlı şəxsdir.

30 noyabr 1947-ci il təvəllüdlü Elxan Məmmədov Gəncə şəhərində anadan olub, əslən Qərbi Azərbaycanın İrəvan şəhərindəndir. Dahi Heydər Əliyev həmişə Azərbaycan mədəniyyətinə önəm verib. Ziyalıları, mədəniyyət işçilərini görüb, onların cəmiyyətdəki yerini yüksək qiymətləndirməyə çalışıb. Sənət adamlarına olan yüksək, rəğbətli münasibət, artıq bizim ictimai-siyasi həyatımızda çox dərin kökləri olan bir ənənəyə çevrilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də məhz Ulu Öndərin nurlu yolunu ən yüksək səviyyədə, sədaqətlə davam etdirir, qoruyur. Məhz Prezidentimizin fərmanı ilə Elxan Əyyub oğlu Məmmədova Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərinə görə respublikanın “Əməkdar mədəniyyət işçisi” fəxri adı verilmişdir.

Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri cənab Əbülfəs Qarayev (fəxri adların) təqdimat mərasimində Elxan Məmmədovla

Fəxri ad insanın mənəvi böyüklüyünün Dövlət tərəfindən rəsmi etirafıdır. O, dəfələrlə rəhbərlik tərəfindən fəxri-fərmanlarla təltif olunub.

Əmək fəaliyyəti dövründə ictimai işləri və təltifləri

1967-1971-ci il Dövlət Filarmoniyasının ilk Komsomol Komitəsinin katibi

1969-cu il Sovet İttifaqı Kommunist partiyasının üzvü

1969-cu il Mədəniyyət işçilərinin Həmkarlar İttifaqının Mərkəzi Komitəsinin Prezidiumunun qərarı əsasında 30 yanvar 1969-cu ildə nişan N 14903 Sovet İttifaqı Silahlı Qüvvələri üzərində fəal ictimai işinə görə Döş nişanı ilə təltif olunub.

1995-ci ilədək Rayon Xalq Deputatları Sovetinin deputatı

18.07.1995-ci il Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə 5 il müddətinə, Bakı şəhəri Məhkəməsinin xalq iclasçısı (18 avqust 1995-ci il qərarı N 1088 vəsiqənin N00262)

2007-ci il 17 sentyabr 2387 N-li sərəncam-Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Əməkdar Mədəniyyət işçisi” fəxri adına layiq görülüb. (Vəsiqə N-00191)

Elxan Məmmədov Ali təhsilli əmək veteranıdır.

1955-ci ildə Bülbül adına orta ixtisas musiqi məktəbinə (violonçel ixtisası üzrə) qəbul olunub;

1966-cı il Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasına (ifaçılıq fakultəsi) daxil olub;

1966-1971-ci il Azərbaycan Dövlət Simfonik orkestrində (violonçel qrupu) çalışıb;

1971-1973-cü illər Azərbaycan Dövlət Radio Televiziya Simfonik Orkestrində çalışıb,

1973-1974-cü il Sovet ordusu sıralarında qulluq etmişdir.

1974-cü il Azərbaycan Dövlət Teleradio Komitəsi, Q.Qarayev adına Kamera orkestrində (violonçel; orkestrinin solisti) çalışıb;

1976-cı il Bakı şəhəri №15 Uşaq musiqi məktəbində (violonçell müəllimi) işləyib;

1978-ci il Bakı şəhəri İcra Hakimiyyətinin Mədəniyyət şöbəsində (musiqi məktəbləri üzrə inspektor) işləyib;

1979-cu il Mədəniyyət Şöbəsinin müdir müavini olub;

1980-cı il Bakı şəhəri 1№li uşaq musiqi məktəbinin direktor müəllimi vəzifəsində çalışıb;

1988-ci il 1№li uşaq musiqi məktəbi- (Vaqif Mustafazadə adına 2№li uşaq İncəsənət məktəbi adlandırılır)- Direktor-müəllim kimi işləyib,

2015-ci il öz xahişi ilə Direktor vəzifəsindən azad olub, öz fəaliyyətini həmin məktəbdə müəllim-konsertmeyster vəzifəsində davam etdirib.

2015-ci il sentyabr ayından təqaüddədir.

Elxan Məmmədov rəhbər, pedaqoq, gözəl ziyalı kimi həyatın rəngarəngliyinə xüsusi rəng çalarları verə bilmişdir. Onun fəaliyyətinin hər hansı bir yolundan danışarkən qeyd edə bilərik ki, O, həmişə mərdlik, qayğıkeşlik və istedad nümunəsi olmuşdur. Elxan Məmmədov bir şəxsiyyət kimi yetişib püxtələşməsində və dünyagörüşünün formalaşmasında boya-başa çatdığı Bakı mühitinin, aldığı təhsilin, ictimai-mədəni həyatda fəaliyyət göstərdiyi illər ərzində topladığı bilik və təcrübənin böyük əhəmiyyəti olub. Bütün arzu yolları başlanğıc cığırlardan başlanır.

Həyat yollarında, sənət yollarında qeyri-adiliklər, uğurlar zirvələr onda olur ki, bu cığırı məhz özün salasan. Böyük sənətə öz cığırı ilə gedən respublikanın “Əməkdar mədəniyyət işçisi” Elxan Məmmədovdur.

Uşaq ikən yerli radioda musiqinin simfonik janrına həsr edilmiş verilişləri dinləmiş, Bülbül adına Musiqi məktəbinin violonçel sinfinin məzunu kimi artıq 1966-cı ildə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasının “İfaçılıq” şöbəsində (simli alətlər fakultəsinin “violonçel” ixtisası üzrə) təhsil aldığı müddətdə Azərbaycanın Xalq artistləri-Cövdət Hacıyev, Azad Əliyev, Səid Rüstəmov, Hacı Xanməmmədov, Vasif Adıgözəlov, Rauf Abdullayev, Arif Məlikov, Soltan Hacıbəyov, Süleyman Ələsgərov, Xəyyam Mirzəzadə kimi görkəmli bəstəkarlardan dərs alır.

1966-cı ildə birinci kursda (əyani) oxuyarkən Azərbaycan Dövlət Filarmoniyasının nəzdində fəaliyyət göstərən SSRİ Xalq Artisti maestro Niyazinin rəhbərlik etdiyi Dövlət simfonik orkestrinə violonçel ixtisası üzrə solist kimi işə qəbul olur. Orkestrdə, Çaykovski, Raxmaninov, Betxoven, Ştraus, F.Əmirov, Üzeyir Hacıbəyli, Q.Qarayev, M.Mirzəyev, A.Məlikov kimi şöhrətli bəstəkarların əsərləri səslənirdi. O, simfonik orkestrin bütün üzvləri ilə birlikdə məşhur dirijor SSRİ Xalq Artisti SSRİ Dövlət mükafatları laureatı, Beynəlxalq Cəvahirləl Nehru mükafatı laureatı, Sosialist Əməyi Qəhrəmanı Niyazinin rəhbərliyi ilə - Dövlət səviyyəsində bir çox ölkələrdə qastrol səfərlərində olmuşdur. Q.Qarayev adına Kamera orkestri ilə birlikdə Polşada-Varşava şəhərində silsilə konsertlərdə çıxış edib.

1971-ci ildə Azərbaycan Televiziyası və yayımı üzrə, AzTv-nin nəzdində fəaliyyət göstərən Kamera orkestrinə işə qəbul olur. 1973-cü ildə Sovet ordusu sıralarına hərbi xidmətə çağırılır. Hərbi xidmət dövründə Elxan Məmmədovun yüksək peşəkarlığı sayəsində Jeysk şəhər Uşaq Musiqi məktəbi ilə müqavilə bağlayaraq (ictimai əsaslarda) müəyyən razılaşmadan sonra O, Jeysk musiqi məktəbində ilk dəfə olaraq məktəbdə təhsil alan şagirdlərdən ibarət simfonik orkestr yaradır. Xidmət etdiyi bir il ərzində dəfələrlə fəxri-fərmanlara layiq görülür, əla xidmətinə görə “Döş nişanı”ilə təltif olunur. 1974-cü ilin noyabr ayının 14-də hərbi xidməti başa vurub, alnı açıq, üzü ağ Vətənə dönür. 1978-ci ildə Elxan Məmmədovun yüksək professional iş qabiliyyətini nəzərə alıb onu Bakı Şəhər Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin Mədəniyyət Şöbəsi müdirinin müavini vəzifəsinə irəli çəkirlər.

O, çox istedadlı musiqiçi olmaqla yanaşı həmçinin bacarıqlı təşkilatçıdır. Dövlət Filarmoniyasının nəzdində fəaliyyət göstərən maestro Niyazinin rəhbərlik etdiyi Dövlət simfonik orkestrinin solisti olmaqla yanaşı eyni zamanda filarmoniyada “İlk komsomol təşkilatı katibi” kimi yorulmadan öz üzərində çalışmışdır. O, daima öz üzərində çalışmağı , sənətdə püxtələşməyi sevib və hər an çalışıb ki, işlədiyi kollektivin hörmətini qazansın. Yüzlərlə ixtisaslı kadrların yetişməsində onun əməyi danılmazdır.

Musiqi estetik tərbiyə vasitəsidir. Gənc nəslin musiqi-estetik fikirlərinin formalaşmasında Uşaq Musiqi və İncəsənət məktəblərinin rolu əvəzsizdir.

Elxan Məmmədov №2 saylı Uşaq İncəsənət məktəbinin 1980-cı ildən etibarən 35 il fasiləsiz direktoru olub. Sənətini sevən, incəsənətə və onun dərinliklərinə yaxından bələd olan, sənətin sirrlərini yorulmadan uşaqlara öyrədən bir şəxsiyyətdir.

35 il ərzində məktəbin çoxsaylı keçmiş şagirdləri Milli Konservatoriyanın, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının, A.Zeynallı adına Bakı Musiqi Kollecinin məzunları kimi Bakı və onun ətraf rayonlarının musiqi məktəblərində gənc nəslin musiqi estetik tərbiyəsinin formalaşması işində yaxından iştirak edirlər. Onun yaratdığı “Aysel” rəqs ansamblı Azərbaycanda və ölkəmizin xaricində dəfələrlə iştirak etmiş, dəyərli mükafatlar, prizlər qazanıb. Beynəlxalq Folklor Festivallar Təşkilatları Şurası , “Aysel” rəqs qrupunun üzvlərinin yüksək hazırlıqlı olduqları haqqında qeydlər etmişlər.

Elxan Məmmədov Bakı Şəhər Mədəniyyət İdarəsinin rəis müavini kimi məsul vəzifədə çalışıb. Onun rəhbərlik etdiyi №2 Uşaq İncəsənət məktəbi milli mədəniyyətimizin inkişafında mühüm rol oynamaqla, savadlı şagirdlər yetişdirməyə xidmət edir. Bu məktəb Azərbaycan mədəniyyətini və İncəsənətini zirvələrə qaldıracaq istedadlar yetişdirmişdir.

O, uzun illər Direktorlar şurasının üzvü daha sonra Direktorlar şurasının sədri olmuşdur. Dəfələrlə respublika Mədəniyyət və Turizm Nazirliyinin, Bakı şəhər Mədəniyyət və Turizm idarəsinin fəxri fərmanları ilə təltif olunub. Elxan Məmmədov indiki Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının violonçel sinfini bitirib, sırf qərb musiqi sistemini öyrənmişdi. Lakin milli musiqini gözəl bildiyindən məktəbdə milli musiqimizin inkişafı naminə mühüm işlər aparmış, hər bir şagirdin ilk öncə milli musiqimizi və Azərbaycanın dünya şöhrətli bəstəkarlarının əsərlərini ifa etməsi üçün çalışmışdır. İşgüzarlığı, qabiliyyət və istedadı sayəsində O, Bakı şəhərində dərin hörmət və məhəbbət qazanmışdır.

İnsan torpağa, el-obaya qəlbən, ruhən bağlı olmalıdır. Vətən Anadır. Ana isə müqəddəs varlıqdır. Elxan Məmmədov Torpağa, Vətənə, Anaya, el-obaya bütün varlığı ilə bağlı insandır. Bu bağlılığa görə onun daxili dünyasında mədəniyyətə, sənətə, milli mənəviyyata bu qədər həvəs, istək və güclü məhəbbət var. Insan övladı dünyaya bir dəfə gəlir ki, xidmətli, yaddaqalımlı işləriylə, sırf duyğularıyla, təmiz arzularıyla yaddaşlara köçsün. Bunun üçün elə yaşamalı, elə işləməli, elə çalışmalı ki, şair Rəsul Rza demişkən:”Sən olmayanda yerindəki boşluq görünsün”.

Yüksək sənət ab-havasıyla insan kamilləşir. Mənəvi dəyərlər əldə edir. Sənətlə mənən zənginləşir insan, daxilən formalaşır. Bunların özü böyük nemətdir. Sənət elə bir aləmdir ki, orda göz yaşlarıyla sevinc əkizdir. Sənət aləmi ecazlı, mücüzəli, heyrətli bir dünyadır. Burda məhəbbət, sevgi, ülviyyət, gözəllik, bəsirət, insanı düşündürən mənəvi amillər əsas götürülür. Sənət tərbiyəvi əhəmiyyət daşıyan, insanı saflaşdıran, mənən zəngin edən estetik kateqoriyadır. Q.Qarayev, F.Əmirov, C.Hacıyev, S.Hacıbəyov, S.Rüstəmov, H.Xanməmmədov, C.Cahangirov, V.Adıgözəlov məhz musiqi ilə, böyük sənətlə bağlı olmuşlar. Musiqi və sənət insanı tərbiyə edir, yetkinləşdirir, insanın qəlbində gözəl arzular, istəklər, diləklər oyadır. Sənət əsl anlamda poetik ruh, poetik ovqat, poetik düşüncə, poetik varlıqdır. Əsl sənət insan qəlbinin mühəndisidir. Bu dünyadakı gözəllik və bəsirət adlı məfhumlar öz əksini əsl sənətdə, musiqi dünyasında tapır.

Mədəniyyətimizin inkişafında, tərəqqisində gənc musiqiçi kadrların ərsəyə gəlməsində Elxan Məmmədovun danılmaz xidməti olmuşdur. Ictimai xadim kimi onun fəaliyyəti daima diqqət mərkəzindədir.

Kəmaləxanım Əsədullayeva,

Sənətşünaslıq üzrə fəlsəfə doktoru, musiqişünas

Bütün xəbərlər Facebook səhifəmizdə