Mədəniyyət və turizm idarələrinin internet saytlarının təqdimatı keçirilib FOTOLAR
Yevlax şəhərində mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin iştirakı ilə Uşaq musiqi və incəsənət məktəblərinin tədris portalının, Bərdə, Ağcabədi, Gəncə, İsmayıllı və Şəmkir regional mədəniyyət və turizm idarələrinin internet saytlarının təqdimatı keçirilib. SİA-nın məlumatına görə, təqdimat mərasimində çıxış edən Əbülfəs Qarayev Prezident İlham Əliyevin 29 mart 2016-cı il tarixli sərəncamına əsasən nazirliyin 15 regional idarəsinin yaradılmasının bu sahədə idarəçiliyin daha da təkmilləşdirilməsinə xidmət etdiyini deyib.
Bildirib ki, müasir dövrdə informasiya texnologiyalarının imkanlarından daha səmərəli istifadə edərək ölkəmizi, onun mədəniyyət və turizmini daha geniş şəkildə təbliğ etməliyik. Bu xüsusda müvafiq internet portallarının önəmi böyükdür. Bununla bağlı mədəniyyət və turizm sahəsində çalışan insanların bilik və bacarıqlarının artırılması istiqamətində işlər də görülməlidir.
Nazirliyin Texniki təchizat və proqram təminatı şöbəsinin müdir müavini Qabil Abbasov Uşaq musiqi və incəsənət məktəblərinin tədris portalı - music.mctgov.az saytı haqqında məlumat verib. Qeyd edib ki, portalda ölkəmizin və dünya bəstəkarlarının haqqında məlumatlar, onların əsərlərinin notları və digər informasiyalar yerləşdirilib. Həmçinin portalda ölkəmizdə musiqi sahəsində təhsil sisteminin fəaliyyəti, musiqi və incəsənət məktəblərində tədris, məktəblərə qəbul qaydaları ilə tanış olmaq olar. Ustad dərsləri barədə video materiallar, metodiki vasitələr, musiqi alətləri haqqında məlumatlar da saytda əksini tapıb.
Daha sonra Bərdə, Ağcabədi, Gəncə, İsmayıllı və Şəmkir regional mədəniyyət və turizm idarələrinin saytları haqqında məlumat verilib.
Bildirildi ki, saytlarda regional idarələrin əhatə etdiyi rayonların mədəniyyət və turizmi haqqında dolğun məlumatlar əks olunub. Saytlarda həmçinin sözügedən regionlarda yerləşən tarixi abidələr, muzeylər, turizm marşrutları ilə bağlı informasiyalara geniş yer verilib.
Diqqətə çatdırıldı ki, ilin sonuna kimi bütün regional idarələrin saytları istifadəyə veriləcək.
Nazir bu istiqamətdə görülən işlərin daha da sürətləndirilməsi üçün tapşırıq və tövsiyələrini verib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB