Dünya kitabxanalarında “Azərbaycan guşəsi” yaradılır - FOTO

Dünya kitabxanalarında “Azərbaycan guşəsi” yaradılır - FOTO
Mədəniyyət və Turizm Nazirliyinin nümayəndə heyəti İsveç Krallığının Göteborq şəhərində təşkil olunan "İFLA-2010" Beynəlxalq Kitabxana Konfransı çərçivəsində Göteborq şəhər Kitabxanası ilə tanış olaraq kitabxanada Azərbaycan bölməsinin kitab fondunun zənginləşdirilməsi barədə razılıq əldə edilib. Bu barədə SİA-ya nazirliyin mətbuat xidmətindən məluamat verilib.

Bununla əlaqədar Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Azərbaycanın tarixi, dövlətçiliyi, iqtisadiyyatı, mədəniyyəti, incəsənəti, ədəbiyyatı, habelə Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında kitab və elektron nəşrlər kolleksiyası hazırlanaraq Göteborq şəhər Kitabxanasına göndərilib.

Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı"na uyğun olaraq Göteborq şəhər Kitabxanasında "Azərbaycan guşəsi"nin yaradılması nəzərdə tutulub.

Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Tacikistan Respublikasının Milli Kitabxanasının yeni binasının açılışı ilə əlaqədar Azərbaycan haqqında kitab və elektron nəşrlər kolleksiyası hazırlanıb və sözügedən kitabxanaya göndərilib.

Kitab kolleksiyasına Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 12 yanvar tarixli "Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında" Sərəncamı ilə nəşr olunan kitablar daxil edilib.

Elektron nəşrlər kolleksiyasına isə Azərbaycan mədəniyyətinə dair, habelə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini əks etdirən DVD-lər də daxil edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə