Şahdağda “Salsa & Baçata Festival”ı keçirilib

Şahdağda “Salsa & Baçata Festival”ı keçirilib

“Şahdağ” Turizm Mərkəzində çoxdan gözlənilən Latın Amerikası rəqsləri üzrə festival keçirilib. SİA-nın məlumatına görə, əvvəlcədən elan edildiyi kimi, festivalda Amerika Birləşmiş Ştatları və İspaniyadan dünya səviyyəli salsa ustaları İvana Adler və Shaka Brown cütlüyü ilə Alba Fernandez və David Moyano cütlüyü iştirak edərək, paytaxtımızın ən məşhur Latın Amerika rəqsi məktəblərinin nümayəndələrinə master-klass keçiblər. “Badi Kuba”, “Baila Baku”, “Profi Dance”, “Let’s dance studio”, “Buta Salsa” və “Street Salsa” məktəblərinin iştirakı ilə tədbirdə 220-dən çox rəqqas iştirak edib.

Tədbirin birinci hissəsində İvana Adler və Shaka Brown cütlüyü “Salsa”, Alba Fernandez və David Moyano cütlüyü isə “Baçata” rəqslərinin incəlikləri barəsində təlim keçmiş, festivalın ikinci hissəsi isə əsl bayram əhval-ruhiyyəsi ilə davam edib.

Tədbir iştirakçılarına sürpriz olaraq Gürcüstan Milli Sosial Rəqs Federasiyasının prezidentinin iştirakı ilə “Kizomba” rəqsi üzrə də master-klass təşkil olunub və tədbir iştirakçılarının sevincinə səbəb olub.

Azərbaycanda ilk dəfə təşkil olunan tədbirə nəinki paytaxtda, eləcə də region ölkələrində kifayət qədər çox maraq göstərildiyindən festivalın ənənə halını alaraq hər il və daha geniş miqyasda keçirilməsi planlaşdırılır.

Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində olan “Şahdağ” Turizm Mərkəzi ölkəmizin yalnız xizəkçilik, hotelçilik və qış-yay əyləncələri turizmi ilə deyil, eləcə də bu cür əyləncəli tədbirlərin də inkişaf etdiyi festivallar, beynəlxalq tədbirlər turizmi ilə də tanınması üçün daim öz töhfəsini verir.

Bütün xəbərlər Facebook səhifəmizdə