Əbülfəs Qarayevin Bəhreyn Krallığına səfəri davam edir FOTOLAR

Əbülfəs Qarayevin Bəhreyn Krallığına səfəri davam edir FOTOLAR

Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Naziri Əbülfəs Qarayevin rəhbərlik etdiyi nümayəndə heyəti Bəhreyn Krallığında səfərdədir və səfər çərçivəsində Bəhreyn Krallığının Mədəniyyət və Əntiq Əşyalar Naziri xanım Şeyxa May bint Məhəmməd Əl Xəlifə ilə görüş keçirilib. Nazirlikdən SİA-ya verilən məlumata görə, görüş zamanı, xanım Nazir Azərbaycanla Bəhreyn arasında mədəni əlaqələrinin olduqca yüksək olduğunu bildirib, bundan sonra bu əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyini qeyd edib. Həmçinin, müxtəlif beynəlxalq tədbirlərdə iştirak etmək məqsədilə Bakıya etdiyi çoxsaylı səfərlərinin onda paytaxt və insanlar haqqında xoş təəssürat yaratdığını, tarix-mədəniyyət abidələrinin qorunması, tolerantlıq və multikultiralizm sahəsində Azərbaycanın nümunə olduğunu vurğulayıb.

Nazir Əbülfəs Qarayev səmimi qəbula görə həmkarına təşəkkürünü bildirib və Bəhreyn Krallığına səfərinin həyata keçirilməsindən məmnunluğunu ifadə edib. İran Körfəzi ölklərinin turizm sənayesi nümayəndələri üçün keçirilən Azərbaycanın turizm imkanlarının təqdimatı haqqında bəhs edən nazir qeyd edib ki, Bəhreynlə həm mədəni, həm də turizm əlaqələrinin daha da inkişaf etdirilməsində maraqlıyıq.

Görüş zamanı, son iki ildə Bəhreyndən Azərbaycana gələn turistlərin sayının sürətlə artmasından və qarşılıqlı turist mübadiləsi prosesinin həyata keçirilməsinin vacibliyi bildirilib.

Həmçinin, səfər zamanı nazir Əbülfəs Qarayevin başçılıq etdiyi nümayəndə heyəti Bəhreyn Krallığının Mədəniyyət və Əntiq Əşyalar Naziri xanım Şeyxa May bint Məhəmməd Əl Xəlifə müşayiəti ilə bir sıra mədəni tədbirlərdə iştirak edib.

Bütün xəbərlər Facebook səhifəmizdə