MEK kitablar hədiyyə edilib

Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyindən AMEA Mərkəzi Elmi Kitabxanasına (MEK) kitablar hədiyyə edilib. SİA-nın məlumatına görə, kitabları MEK-ə Azərbaycanın İrandakı Fövqəladə və Səlahiyyətli Səfiri cənab Bünyad Hüseynov təqdim edib.

Qədim, orta əsrlər və müasir dövr İranının tarixi, arxitekturası, ədəbiyyatı və incəsənətini əks etdirən ədəbiyyat siyahısına həmçinin, İran türklərinin qədim və zəngin tarixini, habelə Cənubi Azərbaycan və çağdaş Azərbaycan Respublikasının siyasi həqiqətlərini əks etdirən materiallar da daxildir. Onlardan - Gəraim Vilsonun Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fəaliyyətinə həsr etdiyi “İlham - Bir dövlət başçısının siması”, akademik Ramiz Mehdiyevin “Azərbaycan. Qloballaşma dövrünün tələbləri”, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin məcmuəsi olan “Ermənistan Azərbaycan münaqişəsi:Dağlıq Qarabağ BMT-nin sənədlər toplusunda” nəşrlərini, məhşur fars rəssamı Mahmud Farsçiyanın miniatür rəsimlərindən ibarət albomunu, Firdovsinin “Şahnamə” əsərini, “İran qədim diyar”, adlı ensiklopedik fotoalbomu, “Tehran keçmişdə və bu gün”, Müctəba Azadinin Urmiya soyqırımına həsr olunmuş “Azərbaycan müsəlmanlarının soyqırım tarixi”, Qasım Əşrəfinin “Birinci Dünya müharibəsində Urmiya hadisələri”, tarixçi alim Zaur Həsənovun “Çar Skiflər” monoqrafiyası, Osman Əfəndinin “Kitabi-Dədə Qorqudun fəlsəfi idrakı”, Sabir Şahtaxtlının “Xocalının xəzangülü uçdu getdi”, “Böyük Ermənistan xülyası:faktlar və sübutlar” adlı araşdırmaları, Elxan Süleymanovun Xocalı hadisələrinə həsr olunmuş “Milyon imza, bir tələb” və s. kitabları qeyd etmək olar.

Təqdim edilmiş ədəbiyyat siyahısından Azərbaycanın qədim tarixini, ədəbiyyatını, incəsənətini, müasir dövrə aid məsələlərini əks etdirən kitabların MEK-in Milli Rəqəmsal Yaddaş (MRY) bazasına daxil edilməsi nəzərdə tutulub. Qeyd edək ki, kitablar MEK-in Akademiklər zalındakı Diplomatik fondda Azərbaycanın xarici

ölkələrdə akkreditə olunmuş səfirlikləri və xarici ölkələrin Azərbaycandakı səfirlikləri ilə yanaşı İrandakı Səfirlik üçün ayrılmış xüsusi guşədə mühafizə olunur.

Bütün xəbərlər Facebook səhifəmizdə