Azərbaycanli və türk tələbələr “Kitabi Dədə Qorqud” boylarına həsr edilmiş qısametrajlı filmlər çəkəcəklər

Azərbaycanli və türk tələbələr “Kitabi Dədə Qorqud” boylarına həsr edilmiş qısametrajlı filmlər çəkəcəklər
İstanbul Kültür Universitetinin nümayəndə heyəti - İstanbul Kültür Universitetinin rektoru prof. Dr. Dursun Koçer və Fənn-ədəbiyyat fakultəsinin dekan müavini profes. Dr. Ömər Ceylan əməkdaşlıq proqramı çərçivəsində Bakı Slavyan Universitetinin qonağı olub. Bu barədə SİA-ya BSU-nun mətbuat xidmətindən məlumat daxil olub. Məlumatda bildirilib ki, görüş çərçivəsində universitetlər arasında mövcud olan qarşılıqlı müqavilənin müddəti uzadılıb.

Sözügedən universitetlə BSU arasında 2007-ci il noyabrın 5-də qarşılıqlı əməkdaşlıq haqqında müqavilə imzalanıb. Bu müqaviləyə əsasən iki universitet arasında tələbə-müəllim mübadiləsi, müştərək elmi konfransların, seminarların təşkil olunması, birgə elmi-metodik vəsaitlərin hazırlanması barədə razılaşma əldə edilib.

Qonaqların bu dəfəki gəlişlərinin əsas məqsədi mövcud əməkdaşlıq müqaviləsinin vaxtını uzatmaq və BSU ilə birgə əməkdaşlığın müxtəlif istiqamətlərini müzakirə etmək idi. Bakı Slavyan Universitetinin rektoru, AMEA-nın müxbir üzvü, professor Kamal Abdullayev bu görüşlərin gələcək əməkdaşlıqlar üçün yeni səhifələr açacağını vurğulayıb. Tərəflər arasında "Kitabi Dədə Qorqud" boyları üzərinə yeni çalışmalar haqqında ətraflı müzakirə aparılıb və hər iki universitet tələbələrinin "Kitabi Dədə Qorqud" boylarına həsr edilmiş qısametrajlı filmlər çəkmək barədə razılığa gəliblər. BSU-nun nəzdnində yerləşən Məktəb-lisey kompleksi ilə İstanbul Kültür Universitetinin nəzdində fəaliyyət göstərən liseylə bağlı müzakirələr aparan tərəflər bu sahədə də ortaq işlərin görülməsinin vacibliyni vurğulayıb və sonda universitetlər arasında mövcud olan qarşılıqlı müqavilənin müddəti uzadılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə