Azərbaycan Bəstəkarlar İttifaqının İdarə Heyətinin iclası keçirilib

Azərbaycan Bəstəkarlar İttifaqının İdarə Heyətinin iclası keçirilib
Azərbaycan Bəstəkarlar İttifaqının (ABİ) İdarə Heyətinin növbəti iclası keçirilib. Bu barədə SİA-ya ABİ-nin mətbuat xidmətinin rəhbəri İltifat Hacıxanoğlu məlumat verib. Məlumata görə, ittifaqın sədri, xalq artisti Firəngiz Əlizadə ABİ-nin bu ilin sentyabr-dekabr ayları üçün tərtib edilən iş planı barədə iclas iştirakçılarına məlumat verib.

Daha sonra görüləcək işlər barəsində danışan F.Əlizadə iclas iştirakçılarının diqqətinə çatdırıb ki, bu ilin son rübündə tanınmış bəstəkarlar- xalq artisti Sevda İbrahimovanın 70, əməkdar incəsənət xadimi Ruhəngiz Qasımovanın 70, Telman Hacıyevin 80 illiyinə həsr olunan xatirə gecələri keçiriləcək. Oktyabrın 27-31-də xalq artisti Vasif Adıgözəlovun 75 illik yubileyinə həsr olunan festival çərçivəsində oktyabrın 27-də ABİ-nin Konsert Salonunda Kamera konserti, oktyabrın 28-də Filarmoniyada Simfonik Konsert, oktyabrın 30-da Musiqili Komediya Teatrında "Aldın payını çağır dayını" tamaşası, oktyabrın 31-də Opera və Balet Teatrında "Natəvan" operası nümayiş etdiriləcək. Bundan başqa, oktyabr ayında "Müasirlərlə dialoq" layihəsi çərçivəsində tarixçi alim, akademik Yaqub Mahmudov ilə görüşün keçirilməsi də nəzərdə tutulub.

Sədrin sözlərinə görə, noyabr ayı üçün nəzərdə tutulan tədbirlər planında noyabrın 5-də Tofiq Quliyevin xatirəsinə həsr olunan sənədli filmin nümayişi, həmçinin noyabrın 5-də xalq artisti Azər Rzayevin 80, noyabrın 8-də isə xalq artisti Əfsər Cavanşirovun 80 illiyinə həsr olunan xatirə gecələri də yer alıb. Noyabrın 10-dan 25-dək isə "Ötən illərin mahnıları"- Azərbaycan peşəkar bəstəkarlarının mahnılarından ibarət II retro-musiqi festivalının II mərhələsi keçiriləcək.

Noyabr ayında həmçinin Azərbaycan Bəstəkarlar İttifaqının Lənkəran şəhərində Səyyar Plenumunun keçirilməsi də nəzərdə tutulub. Bununla yanaşı, noyabr ayında dahi bəstəkar Müslüm Maqomayevin 125 illiyinə həsr olunan elmi konfrans, noyabrın 18-19-da Üzeyir Hacıbəylinin 125 illiyinə həsr olunan "Ü.Hacıbəyli: Şərqin muğam-məqam sistemləri (müqayisəli təhlildə)" mövzusunda Beynəlxalq Konfransın keçrilməsi də planlaşdırılır.

F.Əlizadə qeyd edib ki, beynəlxalq festivala artıq Mədəniyyət və Turizm Nazirlyi də dəstək verib və bu konfransa xaricdən bir sıra tanınmış musiqişünaslar dəvət olunacaq. Rəssamlıq Akademiyasının rektoru, xalq rəssamı Ömər Eldarovla "Müasirlərlə dialoq" layihəsi çərçivəsində görüşün keçirilməsi noyabr ayı üçün nəzərdə tutulan tədbirlərin siyahısındadır.

Dekabr ayında isə "Ötən illərin mahnıları"- Azərbaycan peşəkar bəstəkarlarının mahnılarından ibarət II retro-musiqi festivalının III mərhələsi və Qala-konsert (1-10 dekabr), Tofiq Bakıxanovun 80 illiyinə həsr olunan yubiley tədbirləri ( 23-28 dekabr), Aida Tağızadənin kitabının təqdimatı, xalq artisti Ramiz Zöhrabovun kitabının təqdimatı, İmruz Əfəndiyevanın 75 illiyinə həsr olunmuş yaradıcılıq gecəsi, görkəmli bəstəkar və müğənni SSRİ xalq artisti, Müslüm Maqomayevin xatirəsinə həsr olunan konsert, "Müasirlərlə dialoq" layihəsi üzrə görkəmli baletmeysterlər xalq artistləri Rəfiqə Axundova və Maqsud Məmmədov ilə görüş nəzərdə tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə