"Bitlz" qrupunun üzvü, əfsanəvi Con Lennonun 70 illik yubileyi münasibətilə İngiltərənin Liverpul şəhərində abidə açılacaqdır. SİA-nın məlumatına görə, oktyabrın 9-da abidəni Lennonun birinci arvadı Sintiya və oğlu Culian açacaqlar. Elə həmin gün İslandiyada Lennonun ikinci arvadı Yoko Ono və oğlu Şon Yokonun təşəbbüsü ilə iki il əvvəl ucaldılmış abidənin işığını yandıracaqlar. Bu iki rəmzi hadisə Con Lennon festivalının açılışını bildirəcəkdir. Tədbirlər dekabrın 8-nə, Lennonun qətli gününədək davam edəcəkdir.
Musiqiçinin 70 illik yubileyi münasibətilə EMI şirkəti Lennonun "Bitlz" qrupunun 1971-ci ildə dağılmasından sonra buraxdığı 8 solo albomun hamısının rəqəmsal versiyasını hazırlamışdır. Yubileylə əlaqədar iki yeni film də ekranlara çıxacaqdır. Onlardan biri – "Haradan gəldiyi bilinməyən oğlan" bədii filmi Conun uşaqlıq və gənclik çağlarından söhbət açır. "Lennon Nyu-York sitidə" filmi isə musiqiçinin ömrünün son illərindən bəhs edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB