Rafiq Hüseynovun xatirəsi qəlblərdə yaşayacaq

Rafiq Hüseynovun xatirəsi qəlblərdə yaşayacaq

Uzun illər Azərbaycan televiziyasında çalışan, öz diksiyası, səsinin əzəməti, fikrin inandırıcılığı ilə seçilən və milyonlarla insanda məhəbbət yaradan xalq artisti, tanınmış diktor Rafiq Hüseynov dünən torpağa tapşırıldı. Səsinin sehri, aydın danışığı, qaməti ilə insanların yaddaşına əbədi olaraq köçən Rafiq Hüseynov təkcə aparıcı deyil, həm də yaradıcı bir insan olaraq imzasını, ismini yaddaşlara həkk etdi.

Dünən Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında Rafiq Hüseynovla vida mərasimi keçirildi. Vida mərasimində dövlət rəsmiləri, elm və mədəniyyət xadimləri, sənətkarın ailə üzvləri, sənət dostları, ziyalılar, ictimaiyyət nümayəndələri iştirak edirdilər. Hər bir insanın çöhrəsində Rafiq Hüsenova olan məhəbbəti sezməmək mükün deyildi. Sanki hər kəs onu doğması, yaxını hiss edirdi.

R.Hüseynovun həyatının böyük bir hissəsi Azərbaycan televiziyası ilə bağlı olub. 17 yaşında ikən televiziya məkanına gələn R.Hüseynov işə işıqçılıq sənətindən başlasa da tez bir zamanda diktor kimi televiziya ekranında görünür. İlk gündən gözəl insan, istedadlı, bacarıqlı diktor insani keyfiyyətləri ilə də hər kəsin rəğbətini qazanır.

Uzun illər Azərbaycan teleməkanında birgə çalışdığı Azərbaycan xalq artisti, diktor Ofeliya Sənani həmkarını son mənzilə yola salanlar sırasında idi. Onun Azərbaycan televiziyasında yaratdığı diktorluq məktəbi ilə bağlı bizimlə fikirlərini bölüşən Ofeliya xanım onun mehriban, təvazökar bir insan olduğunu bildirdi: "O, heç zaman ucadan danışmaz, mehriban bir şəkildə bizlərə yanaşardı. Kimsə bir səhv etsə belə, onu başa salar, məsləhət verərdi. O, bizim dostumuz idi. Bir adama rast gəlmədim ki, desin mən Rafiqdən küsmüşəm, incimişəm. Bizim ailəvi dostumuz olub. Gecə saat 3-də belə bizə qonaq gələr, gecədən səhərin üzünə qədər Valehlə yaradıcılıq fikirlərini bölüşdərdilər. Səhər açılanda Valeh qəzetlərin xülasəsin yazmağa, Rafiq isə efirə gedirdi. İnandırım ki, o işinə çox bağlı insan idi. Biz çox mehriban olmuşuq, efirdə tərəfmüqabili kimiçıxış etmişik. Hər zaman həssas münasibəti ilə diqqəti cəlb edib. Biz diktorlar bu yaşda yetim qaldıq. Onun məsləhətinə hər zaman ehtiyacımız var. Xəstə ola-ola bizə öz məsləhətlərini verirdi. Özünə qarşı tələbkar idi və hər zaman verilişin üzərində işləyər, sonra efirə çıxardı. Kamera qarşısında çaşmazdı. Biz onunla çox verilişlər aparmışıq. Rafiqlə bir yerdə çoxlu verilişlər aparmışam. 30 il bir yerdə işləmişik. Gənclərə də qayğı, məhəbbətlə yanaşar, öz balaları kimi sevərdi. Heç kəs məndən inciməsin, amma onun kimi diktor bir daha olmayacaq. Rafiq Hüseynova təklif etmişdilər ki, Moskvada işləsin. Ev də, yüksək maaş da verirdilər, amma razı olmadı. Vətənini sevirdi, vətənə xidmət etmək istəyirdi. Tanrı onu o qədər çox sevir ki, son mənzilə yola salınması da teleradionun yubileyi ərəfəsinə düşdü"

Azərbaycan Yazıçılar Birliyinin üzvü, Əməkdar incəsənət xadimi Baba Vəziroğlu:

- Rafiq Hüseynov 17 yaşından Azərbaycan televiziyasi ilə bağlı olan insandır. Qısa bir zamanda müsabiqədə qalib oldu və bir həftə keçmədən bütün Azərbaycanın tanınan bir insan oldu. Ancaq populyarlıq sənət aləmində elədir ki, onu qoruyub saxlamasan, o səni uçuruma aparar. Rafiq papulyarlığı əlində məharətlə saxladı. Qısa müddətdə peşəkar diktor səviyyəsinə yüksəldi. Onda qəribə cazibə, məlahət var idi. O qürurlu, o qədər işıqlı idi ki, ekrandan miyonların qəlbinə axırdı. Qısa müddətdə Azərbaycan televiziyasının simasına çevrildi. Azərbaycan kişisinin, ziyalısını simasına çevrildi. Onda ailədən gəlmə qəribə bir ağayanalıq vardı. İlk baxışdan təkəbbürlü görünürdü, amma bunun arxasında isti, qaynar bir ürək var idi. Etiraf etmək lazımdır ki, Azərbaycan televiziyasında onun böyük xidmətləri var. Qəlbi nurla dolsun. Allah rəhmət eləsin!

Nəzakət ƏLƏDDİNQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə