Ankarada Vaqifin 300 illiyi münasibətilə tədbir keçirilib FOTOLAR

Ankarada Vaqifin 300 illiyi münasibətilə tədbir keçirilib FOTOLAR

Böyük Azərbaycan şairi Molla Pənah Vaqifin anadan olmasının 300 illiyi münasibətilə 2017- ci il TÜRKSOY təşkilatı tərəfindən “Molla Pənah Vaqif ili” elan olunub. SİA-nın məlumatına görə, bu məqsədlə noyabr ayının 2-də Türkiyə Milli Kitabxanasında beynəlxalq elmi konfrans və Azərbaycan Milli Kitabxanasının fonduna məxsus olan, şairin əsərlərindən ibarət kitab sərgisi təşkil olunub. Tədbir çərçivəsində həmçinin “Molla Pənah Vaqif şeirləri dünya dillərində”, “N.Cəfərov. Molla Pənah Vaqif”, “Molla Pənah Vaqif. Biblioqrafiya” kitablarının təqdimatı olub.

Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, Türkiyə Respublikasının mədəniyyət və turizm nazirinin müavini Hüseyn Yayma, Türkiyə Respublikasının Prezidenti R.T.Ərdoğanın müşaviri, keçmiş mədəniyyət və turizm naziri Yalçın Topçu və digər ziyalıların müşayəti ilə tədbir iştirakçıları Azərbaycan Milli Kitabxanasının qızıl fondunda qorunan şairin zəngin həyat və yaradıcılığını özündə əks etdirən geniş kitab sərgisi ilə tanış oldular. Azərbaycan Milli Kitabxanasının direktor prof. Kərim Tahirov sərgi haqqında tədbir iştirakçılarına ətraflı məlumat verib.

TÜRKSOY-un Baş katibinin müavini Fırat Purtaş tədbir iştirakçılarını salamlayaraq, Molla Pənah Vaqif ili ilə əlaqədar keçirilən tədbirlərdən danışıb.

Türkiyə Respublikasının mədəniyyət və turizm nazirinin müavini Hüseyn Yayma çıxış edərək mədəni tədbirlərin daha çox təşkil edilməsinin vacibliyini, bu sahədə TÜRKSOY-un üzərinə daha çox vəzifələrin düşdüyünü qeyd edib.

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayib Ərdoğanın müşaviri Yalçın Topçu çıxış edərək işğal olunmuş və türk dünyasının mədəniyyət beşiyi olan Şuşada şairi anmağı Allahdan bizlərə nəsib etməsini arzulamış, Qarabağın tamlığını, hüriyyətini diləyib.

Daha sonra çıxış üçün söz Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri Əbülfəs Qarayevə verilib. O, türk dünyasının bu tədbirə qatılan bütün nümayəndələrini salamlayaraq, tədbirin keçirilməsinə görə TÜRKSOY təşkilatına, Türkiyə Mədəniyyət və Turizm Nazirliyinə və ev sahibliyinə görə Türkiyə Milli Kitabxanasına minnətdarlığını bildirib. Şair haqqında danışan nazir M.P.Vaqif zirvəsinin yüksəkliyini, dahi şəxsiyyətin müxtəlif sahələrdə fəaliyyət göstərdiyini, onun yeni istiqamət açaraq milli ədəbiyyatımızda xüsusi iz qoyduğunu vurğulayıb, şairin yaradıcılığının həmişə diqqət mərkəzində və dövlət qayğısı ilə əhatə olunduğunu qeyd edərək hələ 1982-ci ildə Ümummilli Lider, ulu öndər Heydər Əliyev cənablarının təşəbbüsü ilə Şuşada M.P.Vaqifin məqbərəsinin açıldığını qeyd edib. Bu gün onun məzarının olduğu torpağın bədnam qonşularımızın işğalı altında olmasının bizim üçün böyük narahatçılıq doğurduğunu, şairin məzarının dağıdıldığını qeyd edib, Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin rəhbərliyi altında Vaqifin, Ü.Hacıbəylinin, Bülbülün və daha neçə-neçə dahi sənətkarlarımızın yubileylərinin Qarabağ torpağında qeyd ediləcəyini imanla bildirib.

TÜRKSOY təşkilatı və Azərbaycan Milli Kitabxanası tərəfindən hazırlanmış “Molla Pənah Vaqif şeirləri dünya dillərində”, akademik Nizami Cəfərovun “Molla Pənah Vaqif” və Milli Kitabxana tərəfindən tərtib olunmuş “Molla Pənah Vaqif. Biblioqrafiya” kitabları haqqında danışan nazir bu əsərlərin bütün türk dünyası üçün böyük töhfə, tədqiqatçılar üçün faydalı vəsait olduğunu söyləyib.

“Molla Pənah Vaqifin anadan olmasının 300 illiyi” adlı konfransda çıxış edən Azərbaycanda Atatürk Mərkəzinin müdiri, millət vəkili, akademik Nizami Cəfərov M.P.Vaqifin öz ədəbi və siyasi fəaliyyətilə xalqla bağlı mütərəqqi şəxsiyyətlərdən biri оlduğu kimi Azərbaycan ədəbiyyatının yеni istiqamətdə inkişafına kömək еtmiş qüdrətli bir sənətkar olduğunu deyib, Qazi Universiteti Çağdaş Türk Ləhcələri və Ədəbiyyatı fakültəsinin müəllimi Yrd. Doş. Dr. Aysun Demirez Güneri şairin dilinin sadəliyindən, özünəməxsus üslubundan danışmış, yaradıcılığını təhlil edərək Azərbaycan türklərinin ənənələrini yaşatdığını, şeirləri ilə Azərbaycan ədəbi dilini zənginləşdirdiyini bildirib. O, həmçinin “Molla Pənah Vaqif şeirləri dünya dillərində”, “N.Cəfərov. Molla Pənah Vaqif”, “Molla Pənah Vaqif. Biblioqrafiya” kitablarının quruluşundan danışaraq, hər üç kitabın böyük türk dünyası üçün önəmli tədqiqat əsəri olduğunu söyləyib.

Azərbaycan Yazıçılar Birliyinin Katibi Rəşad Məcid, Avrasiya Yazıçılar Birliyinin sədri Yaqub Öməroğlu, Dünya Yazıçılar və Ziyalılar Dərnəyinin direktoru Osman Baş, yazıçı-tədqiqatçı Songül Dündar şairin yaradıcılığı haqqında məruzələr ediblər.

Azərbaycan Milli Kitabxanasının direktoru prof. Kərim Tahirov çıxışında Milli Kitabxananın nəşri olan “Molla Pənah Vaqif. Biblioqrafiya” kitabında 20-dək dildə çap olunmuş əsərlər haqqında materialların bir vəsaitdə toplandığının vacibliyindən və əhəmiyyətindən danışıb, xalqımızın, böyük türk dünyasının ortaq mədəniyyətinin təbliği istiqamətində hər kəsə uğurlar arzulayıb.

Tədbir boyu Şəms Ələkbərova, Özgür Bacaksız və Muradcan Çətinqaya M.P.Vaqifin şeirlərini səsləndiriliblər.

Aşıq Səlahəddin Dündarın ifasında mahnılar dinlənilib.

Sonda günün xatirəsi olaraq TÜRKSOY təşkilatı tərəfindən tədbir iştirakçılarına təşəkkürnamə təqdim olub.

Bütün xəbərlər Facebook səhifəmizdə