ATMU-da seminar keçirilib

Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) ”Tədrisin təşkili və keyfiyyətinin qiymətləndirilməsi”mövzusunda seminar keçirilib. SİA-nın məlumatına görə, ATMU-nun rektoru İlham Mədətov cəmiyyət həyatında hər zaman aktuallığını saxlayan başlıca problem ətrafında ölkənin qabaqcıl 7 universitetində fəaliyyətləri ilə seçilən alim və mütəxəssislərin öz təcrübə və düşüncələrini həmkarları ilə bölüşmələrini yüksək qiymətləndirib. Seminarın fikir mübadiləsi formatında keçəcəyini diqqətə çatdırıb.

Yeni beynəlxalq təhsil sisteminə inteqrasiya və sənaye-universitet əməkdaşlığının tədrisdə tətbiqini şərtləndirən seminarda ekspert qismində ADA universitetinin prorektoru, professor Anar Vəliyev, Azərbaycan Texniki Universitetinin kafedra müdiri, professor Sübhan Namazov, UNEC-in “Təhsilin keyfiyyətinin qiymətləndirilməsi və idarəedilməsi” mərkəzinin direktoru, dosent Raqif Qasımov, Qərb Universitetinin Tədris şöbəsinin müdiri ,dosent Nazim Abbasov, akkreditasiya üzrə ekspert, dosent Nazilə Abdullazadə, Bakı Mühəndislik Universitetinin kafedra müdiri, dosent Ədalət İbadov və ATMU-nun müvafiq struktur rəhbərləri iştirak ediblər. Seminarda “Təhsilin təşkilinə yeni innovativ yanaşma”, “Keyfiyyətin təmin olunması və qiymətləndirilməsi”, “Universitetlərin Beynəlxalq və Daxili Akkreditasiya hazırlığının əsas elementləri” və sair aktual mövzular sahə peşəkarları tərəfindən hərtərəfli müzakirə olunub. Seminarda tədrisin keyfiyyətli idarəedilməsində dünyanın Harvard, Duke, Marmara, Hopkins kimi nüfuzlu universitetlərinin kurrikulumları, həmçinin Azərbaycan universitetlərində tətbiq imkanları və istiqamətlərinə nəzərdən keçirilib.

”Tədrisin təşkili və keyfiyyətinin qiymətləndirilməsi”mövzusuna həsr olunan tədbirdə ATMU-nun rektoru İlham Mədətov ixtisaslı kadr hazırlığını hədəfləyən seminar-müzakirələrin bundan sonra davamlı keçiriləcəyinə əminliyini bildirib. Seminarın tərəflər üçün faydalı olduğunu vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə