Əməkdar rəssamın fərdi yaradıcılıq sərgisinin açılışı olub FOTOLAR
Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Rusiya Rəssamlıq Akademiyasında (Z.Tsereteli İncəsənət Qalereyasında) Azərbaycanın Əməkdar rəssamı İrina Eldarovanın “Qızlar neftçilərə üstünlük verir” adlı fərdi yaradıcılıq sərgisinin açılışı keçirilib. SİA-nın məlumatına görə, sərgi noyabr ayının 1-dən dekabr ayının 3-dək tamaşaçıların üzünə açıq olacaq.
İrina Eldarova – öz daxili aləmini parlaq, gözlənilməz, emosional, tam sərbəst, müasir rəngkarlıq əsərləri ilə ifadə edən rəssamdır. Onun əsərləri həyatiliyi və düşündürücülüyü ilə diqqəti cəlb edir. Kətan, faner, vatman və s. kimi təsvir müstəviləri üzərində akril, yağlı boya ilə işlədiyi əsərlər öz süjeti, emosional təsir gücü, assosiativ təfəkkür tərzi ilə tamaşaçıları daim heyrətləndirir. Ekspozisiyada rəssamın 70 rəngkarlıq və qrafika əsəri nümayiş olunur. “Qızlar neftçilərə üstünlük verir” silsiləsindən olan əsərlərin əsas qəhrəmanları neftçilərdir.
İrina Nikolayevna Eldarova 11 noyabr 1955-ci ildə Rusiya Federasiyasının Moskva şəhərində anadan olmuşdur. Rəngkar, qrafik, illüstrasiyaçıdır. 1975-1979-cu illərdə İ.E.Repin adına Leninqrad (indiki Sankt-Peterburq) Dövlət Rəssamlıq Akademiyasında təhsil almış, 1982-ci ildə V.İ.Surikov adına Moskva Dövlət Rəssamlıq İnstitutunu bitirmişdir. İrina Eldarovanın yaradıcılıq fəaliyyəti yalnız rəngkarlıq sahəsi ilə məhdudlaşmayıb, Azərbaycan, Rusiya, Özbəkistan və Qazaxıstanda iri miqyaslı nəşrlərin hazırlanması ilə bağlıdır.
2007-ci ildə Qazaxıstanın Jurnalistlər İttifaqı tərəfindən “Ən yaxşı media layihəsi” mükafatı ilə təltif olunub.
İrina Eldarova Bakıdakı Xalqlar Dostluğu metrostansiyasının monumental divar rəsmlərinin müəllifidir. Onun yaradıcılıq fəaliyyətinə bədii fotoqrafiya, video-art kimi müasir incəsənət formaları da daxildir.
Rəssam hazırda Azərbaycan Milli İncəsənət Muzeyi ilə baş rəssam qismində əməkdaşlıq edir.
1998-ci ildə Londondakı “Humay” Qalereyasında “Təcavüzkar natürmort” adlı fərdi sərgisi keçirilmişdir. Daha sonralar Bakıda 2007, 2010, 2013-cü illərdə fərdi sərgiləri təşkil olunmuşdur. Bundan əlavə rəssam London, Paris, Berlin, Moskva, Roma, Vyanada Heydər Əliyev Fondunun təşkil etdiyi bir çox sərgilərin iştirakçısıdır.
2012-ci ildə Böyük Britaniyada tənqidçilərin və sənətşünasların müsbət rəyləri ilə qarşılanmış “A Proud Violin” adlı uşaq kitabının illüstrasiyalarını işləyib.
26 dekabr 2013-cü il tarixindən 26 fevral 2014-cü il tarixinədək Bakıdakı “YAY!” Qalereyasında “Qızlar neftçilərə üstünlük” verir adlı fərdi sərgisi keçirilib.
Azərbaycan Respublikası Prezidentinin 30 dekabr 2017-ci il tarixli Sərəncamına əsasən Azərbaycan Respublikasının Əməkdar rəssamı fəxri adına layiq görülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB