“Əməkdaşlıq haqqında çərçivə razılaşması” imzalanıb

“Əməkdaşlıq haqqında çərçivə razılaşması” imzalanıb

Azərbaycan Turizm və Menecment Universiteti (ATMU) ilə Beynəlxalq Təlim və Layihə Mərkəzi arasında “Əməkdaşlıq haqqında çərçivə razılaşması” imzalanıb. SİA-nın məlumatına görə, Azərbaycan Turizm və Menecment Universitetinin rəsmi dəstəyi ilə “Boston Modeli” Layihəsi formatında Universitet və Sənaye əməkdaşlığının icrası prosesinin tərkib hissəsi kimi, 30 oktyabr 2017-ci il tarixində Azərbaycan Turizm və Menecment Universiteti ilə Beynəlxalq Təlim və Layihə Mərkəzi arasında “Əməkdaşlıq haqqında çərçivə razılaşması”nın imzalanma mərasimi olub.

Tədbiri ATMU-nun rektoru İlham Mədətov giriş sözü ilə açıq elan edərək hər iki tərəfin qarşılıqlı faydalanacağı bu anlaşmanın icrasının məqsədəuyğun şəkildə həyata keçirilməsini dəstəklədiyini bildirdi. Sözügedən razılaşma mərkəzin sərəncamında olan potensial üzrə müasir bilik və təcrübənin universitetdə istifadəsinə, universitet müəllimlərinin və tələbələrinin mərkəzin fəaliyyətinə cəlb edilməsinə və mərkəz ilə universitet arasında Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın əsas amili kimi biznes mühitinin inkişaf etdirilməsi, ölkənin sahibkarlıq sektorunun elmi-tədris işlərinə cəlb edilməsi, dünyanın qabaqcıl elmi-texniki nailiyətlərinin sahibkarlığın inkişafına tətbiq edilməsi, iqtisadiyyatın ayrı-ayrı sahələrinin inkişafı, sahibkarlıq subyektlərinin maarifləndirilməsi və fəaliyyətinin inkişafına kömək göstərilməsi məqsədilə tərəflərin birgə əməkdaşlıq münasibətlərini müəyyən edir.

Tədbirdə Mərkəzi Florida Universiteti və Cambridge Universitetinin məzunu Zəfər Həsənov, “Beynəlxalq Təlim və Layihə Mərkəzinin” İcraçı direktoru Tariyel Dövlətov tərəfindən iştirakçılara razılaşmanın detalları haqqında ətraflı məlumat verildi. Universitetin rektoru İlham Mədətov razılaşmada nəzərdə tutulan müddəallarla bağlı ATMU-nun müvafiq struktur rəhbərlərinə göstərişlərini verərək əməkdaşlığın önəmini bir daha vurğuladı. Tərəflərin razılaşma sənədlərini imzalanması mərasiminin sonunda Beynəlxalq Təlim və Layihə Mərkəzinin nümayəndələri Teymur Məmmədov və Zəfər Həsənov ATMU-nun tələbə heyəti üçün müvafiq təlimlər keçiriblər. Fərqlənən tələbələrə sertifikatlar təqdim olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə