Rusiyalı dirijor Andrey Anixanov Azərbaycan teatrına dəvət olunub - FOTO

Rusiyalı dirijor Andrey Anixanov Azərbaycan teatrına dəvət olunub - FOTO
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının rəhbərliyi məşhur rusiyalı dirijor, Rusiyanın əməkdar artisti, Sankt-Peterburq Dövlət Simfonik Orkestrinin baş dirijoru və bədii rəhbəri Andrey Anixanovu teatrda çalışmağa dəvət edib. Bu barədə SİA-ya teatrın mətbuat xidmətinin rəhbəri Şükufə Ağamirzəyeva məlumat verib. A.Anixanovla bağlanan 1 illik müqavilə çərçivəsində o klassik opera və balet tamaşalarını idarə edəcək, və simfonik orkestrlə işləyəcək, solistlərlə fərdi şəkildə məşğul olacaq.

Opera və Balet Teatrının direktoru Akif Məlikov tanınmış dirijorun dəvət edilməsi ilə bağlı fikirlərini bildirərək deyib: "Andrey Anixanov çox istedadlı bir dirijordur. Anixanovun repertuarında 60-dan artıq opera və balet tamaşası və müxtəlif simfonik konsert proqramları var. Əminəm ki, A.Anixanovun il ərzində bizim simfonik orkestr və solistlərimizlə birgə işi yaradıcı fəaliyyətimizin yüksəlməsinə səbəb olacaq və gözəl nəticələr verəcək. Hesab edirəm ki, teatrımız gələcəkdə də xaricdən istedadlı və çox məşhur dirijor, rejissor və xoreoqrafların müqavilə əsasında dəvət olunması təcrübəsindən istifadə etməlidir. Bu ilk növbədə yaradıcı kollektivlərimiz üçün bir növ ustad dərsləri rolunu oynayacaq və kənardan fəaliyyətimizə professional nöqteyi-nəzərdən baxmaq və onu qiymətləndirməyə imkan verəcəkdir. Təcrübə göstərir ki, dəvət olunan opera və balet sənətinin əsl ustadlarının işi hər zaman professional ab-havanın yüksəlməsinə və tamaşaların bədii səviyyəsinə effektiv təsir göstərir".

Qeyd edək ki, A.Anixanovun bu mövsümdə ilk çıxışı oktyabrın 24-də baş tutacaq. Həmin gün o Teatrda J.Bizenin "Karmen" operasının tamaşasını idarə edəcək. Bu tamaşada Opera və Balet Teatrının solistləri ilə birlikdə Karmen rolunda Mariinski adına Sankt-Peterburq Akademik Opera və Balet Teatrının solisti – həmyerlimiz Reqina Rüstəmova çıxış edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə