“Bakı Gecələri - 2010” Estrada Mahnı Festivalının ikinci konsert proqramı keçiriləcək- FOTO

“Bakı Gecələri - 2010” Estrada Mahnı Festivalının ikinci konsert proqramı keçiriləcək- FOTO
"Bakı Gecələri - 2010" Estrada Mahnı Festivalının ikinci konsert proqramı oktyabrın 11-də, saat 16.00-da Azərbaycan Dövlət Musiqili Komediya Teatrında təqdim olunacaq. Bu barədə SİA-ya Mədəniyyət və Turizm İdarəsindən məlumat verilib.

İkinci konsert proqramında Manana, "Kristal" qrupu, Nadir Qafarzadə, Səyyad Əlizadə, Elçin Cəfərov, Samir Dərgah, Leyla Ramazanlı, Zamiq Hüseynov, İzzət Bağırov, Vaqif Şıxəliyev, Sevinc Musayeva və başqaları iştirak edəcək.

Festivalın başlıca məqsədi mahnı müəlliflərinin yaradıcılıq fəaliyyətini inkişaf etdirmək, estrada ifaçılarını dəstəkləmək, Azərbaycanı beynəlxalq müsabiqələrdə layiqincə təmsil edəcək estrada ifaçılarını yetişdirmək və estrada mahnı janrını inkişaf etdirməkdir.

İlkin üç mərhələdə təqdim olunan mahnılar münsiflər heyəti tərəfindən qiymətləndiriləcək və yüksək bal toplamış əsərlər finala – 24 dekabrda Heydər Əliyev Sarayında keçiriləcək Qala konsertə vəsiqə qazanacaqlar. Finalda səslənən mahnılar müxtəlif nominasiyalar üzrə mükafatlar uğrunda mübarizə aparacaqlar. Qala-konsertdə iştirak edən müğənnilər "Bakı Gecələri Estrada Mahnı Festivalının Laureatı" adına layiq görüləcəklər.

Bu il tamaşaçılar müxtəlif nominasiyalar üzrə qalibləri "online" səsvermə yolu ilə müəyyən etmək şansını əldə edəcəklər.

Məlumat üçün bildirək ki, "Bakı gecələri – 2010" Estrada Mahnı Festivalı Mədəniyyət və Turizm Nazirliyi və Bakı Şəhər İcra Hakimiyyətinin dəstəyi və Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin təşkilatçılığı ilə keçirilir.

Qeyd edək ki, səsvermə noyabrın 20-dən etibarən start veriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə