ADA-nın kollektivi Venesiya Biennalesini ziyarət edib FOTOLAR

Fransada Azərbaycanın Dostları Assosiasiyasının idarə heyətinin üzvləri və qurumun nümayəndələri Jan-Fransua Manselin rəhbərliyi, YUNESKO-nun sülhməramlı incəsənət xadimi, rəssam Hedva Serin iştirakı ilə 57-ci Venesiya Biennalesini ziyarət ediblər. SİA-nın məlumatına görə, qonaqlara Venesiya Biennalesində Heydər Əliyev Fondunun təşkilatçılığı ilə yaradılmış Azərbaycan pavilyonu barədə məlumat verilib. Bildirilib ki, Azərbaycan 2007-ci ildən bu Beynəlxalq İncəsənət Sərgisində iştirak edir. Bu il ölkəmiz biennaledə “Bir günəş altında. Birgə yaşamaq mədəniyyəti” adlanan pavilyonla təmsil olunur. Sərgi Azərbaycanda etnik müxtəlifliyi və mədəniyyətlərarası harmoniyanı əks etdirir. Eyni zamanda, bu sərgi dünyada sabitliyin bərpa olunmasının vacibliyinə və Azərbaycanın sülh tərəfdarı olmasına dair əhəmiyyətli mesaj verir.

Pavilyonda “Hypnotica” Vizual Performans Qrupunun video-mappinq instalyasiyası təqdim edilir. Kompozisiya Azərbaycanda yaşayıb öz dillərində danışan etnik qrupların mədəniyyətlərinin və adət-ənənələrinin qorunub saxlanılmasına göstərilən qayğını və ölkəmizdə yaşayan müxtəlif xalqların həmrəyliyini göstərir. Rəssam Elvin Nəbizadənin mədəni müxtəliflik mövzusunu əks etdirən göy qurşağı şəklində düzülmüş sazlar müxtəlif milli azlıqları birləşdirən ümumi musiqi dilini simvolizə edir.

Assosiasiyanın kollektivi, eyni zamanda, biennaledə iştirak edən digər ölkələrin pavilyonlarını ziyarət ediblər. Venesiyaya səfər zamanı Assosiasiyanın kollektivi, həmçinin şahzadə, dünya şöhrətli pianoçu Karolin Müranın iqamətgahında musiqili ziyafət gecəsinə dəvət edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...