Kukla Teatrı IV Şəhər Teatrları Görüşü Festivalında iştirak edib FOTOLAR
Xəbər verdiyimiz kimi, Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı Türkiyənin Adana şəhərində baş tutan IV Şəhər Teatrları Görüşü Festivalında iştirak edib. SİA-nın məlumatına görə, teatr təmsilçilərimiz qastrol müddətində türkiyəli teatrsevərlər qarşısında beynəlxalq festivallarda uğurla iştirak edən “Zəng” adlı mono-tamaşa ilə çıxış ediblər.
Tamaşanın ssenari müəllifi və quruluşçu rejissoru teatrın baş rejissoru Qurban Məsimov, quruluşçu rəssamı Rəvanə Yaqubovadır. Teatrın aparıcı aktyoru Rəhim Rəhimovun ifa etdiyi səhnə işi həm uşaqlar, həm də böyüklər üçün nəzərdə tutulub. Ailədə valideynlərə olan münasibətdən bəhs edən tamaşa izləyicilərdə valideynləri unutmamaq, onları diqqətdən kənarda saxlamamaq kimi müsbət keyfiyyətlər aşılayır.
Adana Şəhər Teatrları İdarəsi tərəfindən düzənlənən festival çərçivəsində nümayiş olunan tamaşa böyük rəğbətlə qarşılanıb. Hər hansı nominasiyanın olmadığı festivalda iştiraka görə təşəkkür diplomuna layiq görülən yaradıcı heyət növbəti festivala, eləcə də qardaş ölkənin Ankara şəhərində reallaşacaq növbəti beynəlxalq teatr festivalına müsabiqəsiz iştirak hüququ qazanıblar. Məlumat üçün qeyd edək ki, teatr müxtəlif ölkələrdən teatrları bir araya gətirməklə onların qarşılıqlı mübadiləsinə çalışmaq məqsədi daşıyan bu festivalda ilk dəfə iştirak edib.
Onu da qeyd edək ki, ümumilikdə 18 teatrın təmsil olunduğu festival iki ildən bir baş tutur və şəhərin müxtəlif teatr və sənət mərkəzlərində teatrsevərləri bir araya gətirərək onlara fərqli teatr meyllərini təqdim edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB