“Adın sirri və taleh, Qurban Səid” filminin nümayişi keçirilib

“Adın sirri və taleh, Qurban Səid” filminin nümayişi keçirilib
Bu gün "Adın sirri və taleh, Qurban Səid" filminin nümayişi keçirilib. SİA-nın məlumatına görə, film Ritm Prodakşn studiyasında ərsəyə gəlib və orada da montaj olunub.

Filmin rejissoru, Rüstəm İbrahimbəyovun Kino Akademiyasının tələbəsi Murad Muradov bildirib ki, bu filmdə Məhəmməd Əsəd bəy haqqında qısa informasiya öz əksini tapıb: "Bu film onun keçdiyi böyük bir həyat haqqında kiçik bir ştrixdir. Bu gün təqdimatla yanaşı, həmçinin Məhəmməd Əsəd bəyin 105 illik yubileyidir. Ona müxtəlif adlarla müraciət ediblər. Lakin ssenarinin müəllifi və professor Həsən Quliyev bu insan haqqında araşdırmalar aparılıb. Məhəmməd Əsəd bəyin tanınmasında Həsən Quliyevin böyük rolu var. Baxmayaraq ki, M.Əsəd bəy 1905-ci ildə İçərişəhərdə anadan olub, lakin ömrü boyu Avropada yaşayıb. Düşünürəm ki, bu film yaxşı alınıb və tamaşaçıların ürəyincə olacaq. Bu mənim axırıncı yox, axarıncı işim olacaq".

"Filmdə 2 bədii epizodik rol var. "Əli və Nino" romanından balaca bir epizod var ki, bu da onların Gürcüstanda görüşmək səhnəsidir. Filmin sonunda Əsəd bəyin incimiş ruhu İçərişəhərdə gəzir və öz evini axtarır"- deyə M.Muradov vurğulayıb.

Rejissor son olaraq Azərbaycan- Alman Dostluğu Cəmiyyəti və "Uc" ədəbi- bədii təşkilatına filmin çəkilişlərində köməklik göstərdiklərinə görə təşəkkürünü bildirib.

Məlumat üçün bildirək ki, filmin operatoru Mətləb Yaqubov, geyim rəssamı Olqa Şabanova, rejissor asistenti Murad Muradovun rejissorluq üzrə dərs dediyi tələbəsi Azər Hacızadədir. Prodüserlər Həsən Quliyev və Çingiz Abdullayevdir.

Rollarda Elvin Mirzoyev (Əli) və Nigar Mirzoyeva (Nino) çəkiliblər. Bədii rəhbər isə Film Fondunun rəhbəri Cəmil Quliyevdir.

Bütün xəbərlər Facebook səhifəmizdə