Ahmet Şafakın Bakıda “Aşk ve vatan” albomunun təqdimat mərasimi keçirilib- FOTO

Ahmet Şafakın Bakıda “Aşk ve vatan” albomunun təqdimat mərasimi keçirilib- FOTO
Bu gün türk dünyasının məşhur yazıçısı, bəstəkarı Ahmet Şafakın Azərbaycan-Türkiyə qardaşlığının nümunəsi olan "Aşk ve vatan" albomunun təqdimat mərasimi keçirilib. SİA-nın məlumatına görə, təqdimatda Azəri-Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı, "525-ci qəzet"in baş redaktoru Rəşad Məcid, telejurnalist Sevil Nuriyeva, müğənnilər- xalq artisti Brilliant Dadaşova, əməkdar artistlər Nisə Qasımova, Tünzalə Ağayeva və başqaları iştirak edib.

Tədbirdə çıxış edən Ahmet Şafak bildirib ki, bu onun sayca 9-cu albomudur. "Albomumun adı da doqquzdur- "Aşk və vatan". Çünki 9 rəqəmi mənim üçün çox vacibdir. Mənim musiqi sənətimin bu rəqəmlə çox bağlılığı var. Tarix bir milləti millət edən, bütün lazımlı və önəmli məlumatları öz içərisində cəmləşdirən bilik mənbəyidir. Bu rəqəm türklər üçün də önəmlidir".

"Albomda 14 mahnı toplanıb. Bütün albomlarımda olduğu kimi burada da həm vətənə qarşı olan sevgim, həm də sevgiyə olan düşüncələrim öz əksini tapıb. Mahnılarım demək olar ki, hamısı insanların ruhdan düşdüyü zaman onlara yenidən xoş əhval-ruhiyyə verir. İfa etdiyim musiqilər türk millətini parçalayan şəxslərə qarşı mübariz olan xalqımızın bütövlüyünü təcəssüm etdirir. Mən də Dədə Qorqudun 21-ci əsrdəki təmsilçisi olaraq bütün bunlara diqqət edirəm. Bütün şeirlərimdə, yazılarımda və romanlarımda bütövləndirmək kimi bir məqsədim var", - deyə o əlavə edib.

Albomun Türkiyədə işıq üzü gördüyünü bildirən A. Şafak qeyd edib ki, ilk təqdimat Bakıda olur: "Bu 6 ildə Azərbaycana tez-tez səfər etmişəm. Burda konsertlər də vermişəm. Türkiyə- Azərbaycan münasibətlərini nəzərə alaraq təqdimat üçün Bakını seçdim. Biz nəinki mədəni əlaqələrlə, eləcədə qan qohumluğu ilə birləşirik. Bundan sonrakı sənətimdə ilk olaraq Azərbaycana uyğun işlər edəcəm. Mədəniyyət və incəsənət sahəsində bir çox yeniliklər etmək istəyirəm. Bu diskimin təqdimatını 1 ay sonra İstanbulda da təşkil edəcəyik. Albomun içərisindəki mahnıların musiqisi və sözləri demək olar ki, mənə aiddir. Hətta bu albomun içərisində Azərbaycanlı Sona Vəliyevanın bəstələdiyi Qaragilə mahnısını da ifa etmişəm. Çünki bu mahnı çox xoşuma gəlib".

Sonda bəstəkar onu da bildirib ki, gələn ilin mart ayında Heydər Əliyev Sarayında konserti təşkil olunacaq: "İlk konsertim 2007-ci ildə həmin sarayda keçirilib".

Tədbirdə çıxış edən Sona Vəliyeva bildirib ki, bu mahnı Bakının Təbrizdən, Təbrizin Bakıdan ayrı düşməsinə bir ağıdır: "Mənim yazdığım "Qaragilə" xalq mahnısı "Qaragilə"yə bir cavabdır. "Qaragilə"də də böyük həsrət və nisgil var. Bir millətin yüz illər boyu davam edən və hələ də sonu görünməyən vüsalı müşkül olan yurd həsrətinin ağrısı var".

Məlumat üçün bildirək ki, Azəri-Türk Qadınlar Birliyi və Azərbaycan-Türkiyə Gənclərinin Dostluq Cəmiyyəti albomun təqdimatının Bakıda keçirilməsi üçün təşkilatçılıq edib.

Bütün xəbərlər Facebook səhifəmizdə