Hind kinolarının məşhur ulduzu Bakıya gəlir

Noyabrın 11-də Heydər Əliyev adına İdman Arenasında Hindistan və Azərbaycan estrada ulduzlarının iştirakı ilə möhtəşəm “Bollywood Night” bayramı keçiriləcək. Bayramın təşkilatçısı “Full House Entertainment” və Hindistanın Azərbaycandakı Assosiasiyasıdır (Indian Association Azerbaijan). Tədbir Azərbaycan ilə Hindistan arasında diplomatik əlaqələrin qurulmasının 25-ci ildönümünə və bu ölkənin müstəqilliyinin 70 illiyinə həsr olunub. SİA-nın məlumatına görə, “Bollywood Night” gecəsində hind və Azərbaycan estrada ulduzlarının iştirakı ilə yanaşı, hər iki ölkənin modelyerləri Fashion Show çərçivəsində milli geyimlər nümayiş edəcəklər.

Tanınmış azərbaycanlı modelyer-dizayner, ətriyyatçı, əməkdar incəsənət xadimi Fəxriyyə Xələfova Bollywood Night gecəsində öz qeyri-adi kolleksiyasını nümayiş etdirəcək. AzTV-nin solisti, xalq artisti Faiq Ağayev Bollivudun Azərbaycanda ulduz səfiri kimi çıxış edəcək.

Qonaqlar arasında "hind Madonnası" və "Hindistanın pop-musiqisinin kraliçası" adlandırılan hind estradasının ulduzu Alişa Çinay da var. Məşhur hind filmlərində hamı tərəfindən sevilən mahnıları məhz o ifa edir. Müğənni konsertdə özünün “Made in India”, “Zoobie Zooby”, “Mujhe Log Bole”, “Raja Hindustani”, “Sona Sona Roop Hai”, “Kajra Re” kimi məşhur ifalarını, “Disko rəqqası", “Cənab Hindistan" və başqa məşhur hind kinofilmlərindən mahnılar səsləndirəcək.

Ceyran Əsgərova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...