"Eurovision" mahnı müsabiqəsinin Azərbaycan üzrə təşkilatçısı və yayımçısı olan İctimai Televiziya və Radio Yayımları Şirkəti 2011-ci ildə Almaniyada keçiriləcək növbəti müsabiqədə ölkəmizi təmsil edəcək ifaçını müəyyən etmək üçün milli seçim turuna start verir.
SİA-nın məlumatına görə, müsabiqə tam olaraq "Eurovision" mahnı yarışmasının qaydalarına və tələblərinə uyğun aparılacaqdır. Seçim turunda şəffaflığı və obyektivliyi təmin etmək, ictimaiyyətin rəyini öyrənmək məqsədi ilə peşəkar münsiflər heyəti ilə yanaşı, tamaşaçıların da rəyi eyni dərəcədə nəzərə alınacaqdır.
Yaşı 16-dan yuxarı olan, öz istedadına və peşəkarlığına güvənənlər müsabiqəyə qatıla bilərlər. Müsabiqə iştirakçıları gözəl səsi, rəqs etmə bacarığı və səhnə mədəniyyəti ilə fərqlənməlidirlər. Bütün müraciət edənlər arasından yalnız 100 nəfər seçim turuna buraxılacaqdır.
Milli seçim turunda iştirak etmək istəyənlər oktyabrın 5-dən 15-dək İctimai Televiziya və Radio Yayımları Şirkətinin təşkilat komitəsinə müraciət edə bilərlər. Hər bir iştirakçı 3 ədəd müxtəlif rakursdan çəkilmiş şəkil, şəxsiyyət vəsiqəsinin surətini və tərcümeyi-halını əks etdirən xüsusi anketi təqdim etməlidir.
Anket formasını və əlavə məlumatları www.itv.az saytından əldə etmək olar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB