Nazim Səmədov ilə ABŞ-ın ölkəmizdəki səfirinin müavini arasında görüş keçirilib

Azərbaycan Respublikası mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov, Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) rektoru İlham Mədətov və Amerika Birləşmiş Ştatlarının Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli Səfirinin müavini Uilyam Qillin rəhbərlik etdiyi ABŞ nümayəndə heyəti arasında görüş keçirilib. SİA-nın məlumatına görə, görüş zamanı Azərbaycan və ABŞ arasında turizm sahəsi üzrə əməkdaşlığa dair görülən işlər və əməkdaşlığın inkişaf perspektivləri müzakirə edildi. Nazir müavini Nazim Səmədov ölkəmizdə turizm sahəsində həyata keçirilən islahatlar barədə danışıb.

Nazir müavini Azərbaycan və ABŞ arasında birbaşa təyyarə reyslərinin fəaliyyət göstərməsi ilə qarşılıqlı turist axınının intensivləşdiyi, bu reyslərin nəinki Azərbaycan Respublikası vətəndaşları, həmçinin Azərbaycanla qonşu olan ölkələrin vətəndaşları tərəfindən istifadə olunduğunu qeyd edib.

İki ölkə arasında əlaqələrin genişləndirilməsində danışan görüş iştirakçıları turizm təhsili sahəsində əməkdaşlığın inkişaf etdirilməsinin əhəmiyyətini vurğuladılar. Azərbaycan Turizm və Menecment Universiteti (ATMU), Bakı Turizm Peşə Məktəbi, Mingəçevir Turizm Kolleci haqqında ABŞ nümayəndə heyətinə məlumat verildi və Nazim Səmədov tərəfindən bir sıra ölkələrlə əməkdaşlıq edən ATMU ilə ABŞ-ın təhsil müəssisələri arasında gələcəkdə əlaqələrin qurulması təklif edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...