Uşaq cizgi filmləri üçün ssenari müsabiqəsi elan edilib

Uşaq cizgi filmləri üçün ssenari müsabiqəsi elan edilib
Mədəniyyət və Turizm Nazirliyi uşaqlar üçün yüksək səviyyəli cizgi filmləri yaratmaq, kino dramaturgiyanın bu növünə yeni qüvvələr cəlb etmək məqsədilə cari ilin oktyabr ayının 1-dən dekabrın 15-dək uşaq cizgi filmləri üçün ssenari müsabiqəsi elan edib. Bu barədə SİA-ya nazirliyin mətbuat xidmətindən məlumat verilib. Məlumata görə, müsabiqənin əsas şərti – ssenarilərin uşaqlar üçün maraqlı olmaqla milli motivlər və xalqımıza məxsus mənəvi-əxlaqi dəyərlər üzərində qurulmasıdır.

I yeri tutan ssenari 2011-ci ildə dövlət sifarişi ilə çəkiləcək. Müsabiqənin reqlamentinə görə II və III yerləri qazanan müəlliflərin hər birinə müvafiq olaraq 500 və 300 manat mükafat veriləcək.

Müsabiqəyə təqdim olunan ssenarilər 10 dəqiqəlik cizgi filmi üçün nəzərdə tutulmalı, ssenarinin həcmi 14 ölçülü "Arial" şrifti ilə üç səhifəyə qədər olmalıdır.
Müsabiqəyə təqdim olunan ssenarilər müəlliflər tərəfindən adı və soyadı göstərilməklə imzalanmalı və əlaqə telefonları qeyd edilməlidir. Hər bir iştirakçı müsabiqəyə bir və daha çox ssenari təqdim edə bilər.

Məlumat üçün bildirək ki, müsabiqəyə təqdim olunan işlər Mədəniyyət və Turizm Nazirliyinin ünvanına göndərilir: AZ1000, Bakı şəhəri, Hökumət evi, 3-cü mərtəbə, otaq 329. Əlaqə telefonları: 493 21 15, 498 20 46.

Qeyd edək ki, qaliblərin adları 2010-cu il dekabrın 28-dək www.mct.gov.az saytında və "Mədəniyyət" qəzetində açıqlanacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə