Xəbər verdiyimiz kimi, ADGTT-nın kollektivi Ukrayna Respublikasının Kiyev şəhərində keçirilən “Mariya” adlı Beynəlxalq mono tamaşalar festivalında iştirak edib. SİA-nın məlumatına görə, sözügedən festivalda ölkəmizi ADGTT-nın aktyoru, Azərbaycan və Kalmıkiya Respublikalarının Əməkdar artisti Şövqi Hüseynov P.Züskindin “Kontrabas” tamaşası ilə təmsil edərək festivalın diplomu ilə təltif edilmişdir. Şövqi Hüseynov festival çərçivəsində təşkil edilən “Aktyor sirri” adlı mədəni dialoq forumunda da iştirak edib. O, seminarda “Azərbaycan teatrı və Azərbaycan Dövlət Gənc Tamaşaçılar teatrının fəaliyyəti ” mövzusunda məruzə ilə çıxış etmişdir. Çıxışda Azərbaycan teatrının bu gunku durumu və ölkəmizdə fəaliyyət göstərən teatrların inkiaşfı ilə bağlı məlumatlar diqqətə çatdırılıb. ADGTT repertuarının zənginliyi, səhnədə klassik əsərlərin çoxluğu forum iştirakçılarında böyük maraq doğurub. Qeyd edək ki, festivalda ölkəmizlə bərabər Polşadan, İspaniyadan, Ukraynadan, Slovakiyadan, Böyük Britaniyadan və Türkiyədən olan peşəkar teatrlar da iştirak edib.
“Kontrabas” tamaşasının nümayişindən sonra iştirakçı dövlətlərin festival rəhbərləri, Slovakiya və Polşalı həmkarlar ADGTT-nı öz ölkələrində keçirilən teatr bayramlarında görməkdən məmnunluqlarını ifadə ediblər. Hər iki respublikanın festival rəhbərləri ADGTT-nın kollektivini ölkələrində keçiriləcək növbəti festivallara dəvət ediblər.
Qeyd edək ki, Əməkdar artist Şövqi Hüseynov Patrik Züskindin “Kontrabas” monotamaşası ilə daha bir festivala dəvət alıb. Rusiyanın Nijnevartovsk şəhərində “Şimal görüşləri” V Beynəlxalq Teatr Festivalı oktyabrın 25-dən 28-dək davam edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB